Almaniya naziri Putini danışıqlara çağırıb
Almaniyanın müdafiə naziri Boris Pistorius Avropa ölkələrinin Rusiya Prezidenti Vladimir Putinin Moskvada danışıqlar aparmaq təklifini rədd etməməli olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Almaniyanın “Der Spiegel” nəşri bu barədə məlumat yayıb.
Pistoriusun sözlərinə görə, Avropa nümayəndələrinin Moskvaya dəvəti qəbul etməməsi yanlış siyasi siqnal olardı.
“Biz danışmalıyıq. Çünki yalnız danışıqlar yolu ilə nəticə əldə etmək mümkündür”, – deyə nazir vurğulayıb.
O bildirib ki, danışıqların keçirilməsi deyil, onların konkret nəticə verməsi əsas şərtdir. Xüsusilə Ukraynada atəşkəsin əldə olunması istiqamətində real irəliləyiş təmin edilməlidir.
Pistorius həmçinin Rusiyanın danışıqlardan yalnız diplomatik görüntü yaratmaq və vaxt qazanmaq məqsədilə istifadə etməməsinin vacibliyini qeyd edib.
Nazir Moskvanın atəşkəslə bağlı danışıqlara hazır olduğunu konkret addımlarla nümayiş etdirməli olduğunu vurğulayıb.
Qeyd edək ki, noyabrın 19-da Vladimir Putin Avropa nümayəndələrini Ukrayna müharibəsinin nizamlanması və gələcək təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Moskvaya dəvət edib.
15:22 26.11.2026
Oxunuş sayı: 42