Azərbaycan və Litva arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi müzakirə edilib
Azərbaycan və Litva parlamentlərarası işçi qruplarının fəaliyyətinin genişləndirilməsi və qarşılıqlı səfərlərin təşviqinin vacibliyi müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova və Litvanın xarici işlər naziri Kestutis Budris arasındakı görüşdə söhbət aparılıb.
Görüşdə qeyd olunub ki, parlamentlərarası dialoq tərəflərin bir-birinin mövqeyini və maraqlarını düzgün anlaması, qarşılıqlı məlumat mübadiləsinin təmin edilməsi, eləcə də informasiyanın obyektiv və qərəzsiz şəkildə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Eyni zamanda, beynəlxalq parlament təşkilatlarının da açıq və konstruktiv dialoqun təşviqində fəal iştirakının vacibliyi vurğulanıb.
Görüşdə həmçinin energetika və bərpa olunan enerji, humanitar, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu istiqamətlərdə əlaqələrin mövcud potensiala uyğun olaraq daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu bildirilib.
Azərbaycana ilk rəsmi səfərindən məmnunluğunu bildirən Litvanın xarici işlər naziri Kestutis Budris ötən gün Azərbaycan Prezidenti ilə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb, səfər çərçivəsində aparılan müzakirələrin və imzalanmış "Strateji tərəfdaşlıq haqqında Birgə bəyannamə"nin əhəmiyyətini vurğulayıb. Litvanın 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcəyini bildirən qonaq ölkəsinin Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafına dəstəyini davam etdirəcəyini vurğulayıb. O, Cənubi Qafqazı strateji əməkdaşlıq regionu, Azərbaycanı isə Mərkəzi Asiyaya çıxış və Orta Dəhlizin inkişafı baxımından mühüm tərəfdaş kimi səciyyələndirib.
Söhbət zamanı Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi haqqında da fikir mübadiləsi aparılıb. S.Qafarova Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğunu, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpa edildiyini deyib, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs edib. Azərbaycanın regional sülhün və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirən K.Budris rəsmi Bakının Vaşinqton sammitində əldə olunmuş razılaşmalara sadiqliyini və onların həyata keçirilməsi istiqamətində nümayiş etdirdiyi siyasi iradəni təqdir edib.
15:13 26.11.2026
Oxunuş sayı: 30