Sensasiya: Türkiyənin düşməni Ərdoğanla görüşür
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Liviya Milli Ordusunun baş komandanı, marşal Xəlifə Həftəri və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi beynəlxalq siyasi gündəmdə və sosial mediada geniş müzakirələrə səbəb olub. Xüsusilə, Türkiyənin uzun illər Həftərə qarşı mövqe sərgiləməsi və Liviyada onun rəqibi olan qanuni hakimiyyətə hərbi-siyasi dəstək verməsi fonunda baş tutan bu görüş diqqət çəkir. Qəzzafinin devrilməsindən sonra faktiki olaraq iki siyasi-hərbi güc mərkəzinə parçalanan Liviyada Türkiyə və Rusiya fərqli tərəfləri dəstəkləyib. Lakin zaman keçdikcə Həftərin ölkənin şərqində əsas güc mərkəzlərindən birinə çevrilməsi və Liviyada formalaşan yeni siyasi reallıqlar Ankara üçün də onunla dialoqu zəruri edən amillər sırasında yer alıb. Bu baxımdan Ərdoğanın Həftəri qəbul etməsi Türkiyənin Liviya siyasətində yeni mərhələnin başlanğıcı kimi də şərh olunur.
Bəs bu görüş hansı siyasi mesajları ehtiva edir? Türkiyənin Liviyaya münasibətdə əvvəlki siyasətində dəyişiklik baş verdiyini söyləmək olarmı, yoxsa Ankara mövcud reallıqları nəzərə alaraq diplomatik manevr imkanlarını genişləndirir?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Abutalıb Səmədov qeyd edib ki, Liviya lideri Müəmmər Qəzzafi öldürülməsindən bir müddət sonra ölkə faktiki olaraq iki yerə parçalandı: “Ölkənin qərbində beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar tərəfindən tanınan qanuni hakimiyyət, şərqində isə Rusiya başda olmaqla, bir sıra dövlətlərin dəstəklədiyi Xəlifə Həftərin rəhbərlik etdiyi qüvvələr hakimiyyət uğrunda mübarizə aparmağa başladı. Türkiyə hər zaman Liviyanın qanuni hakimiyyətini dəstəkləyib, Həftərə qarşı mübarizə aparan qüvvələrə yardım göstərib və ölkənin bütün ərazisində mərkəzi hakimiyyətin nəzarətinin təmin olunması üçün əlindən gələni edib. Rusiya isə, əksinə, Xəlifə Həftərin əsas dəstəkçilərindən biri olub. Nəticədə məlum oldu ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınan qanuni hakimiyyət Liviyanın bütün ərazisində öz idarəçiliyini təmin etmək gücündə deyil. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Həftəri qəbul etməsi də məhz bu reallığın etirafı kimi qiymətləndirilməlidir”.
Politoloq qeyd edib ki, bu, ilk deyil: “Rəcəb Tayyib Ərdoğan vaxtilə münasibətlərində ciddi qarşıdurma yaşadığı, hətta düşmən mövqeyində dayandığı bir sıra liderləri sonradan Türkiyəyə dəvət edib və onlarla danışıqlar aparmağı zəruri hesab edib. Bu yanaşma, ilk növbədə, dünyada, xüsusilə də Liviyada formalaşmış yeni reallıqların qəbul edilməsi ilə bağlıdır. Həftər hazırda Liviyada əsas siyasi və hərbi güc mərkəzlərindən biridir. Təəssüf ki, Türkiyə də daxil olmaqla, digər dövlətlər bu reallıqla hesablaşmaq məcburiyyətindədirlər. Bütün göstərilən yardımlara və dəstəyə baxmayaraq, qanuni hakimiyyət Həftərə bağlı qüvvələri məğlub edərək ölkənin birliyini təmin edə bilmədi. İctimaiyyətdə və mediada bu məsələnin ciddi müzakirələrə səbəb olmasının əsas səbəbi də məhz budur. Heç kim Türkiyənin vaxtilə düşmən elan etdiyi Həftərin bir gün ölkə Prezidenti tərəfindən qəbul ediləcəyini gözləmirdi. Lakin siyasət reallıqlar üzərində qurulur və hər kəs, o cümlədən dövlət başçıları da mövcud reallıqlarla hesablaşmaq məcburiyyətindədir”.
Ayhan
14:50 26.11.2026
Oxunuş sayı: 54