Bir ay qalıb: Ukrayna cəbhəsində vəziyyət dəyişir
Müasir müharibələrdə pilotsuz uçuş aparatlarının rolu getdikcə artır və dronlar döyüş meydanında hərbi üstünlüyə təsir edən əsas vasitələrdən birinə çevrilir. Rusiya-Ukrayna müharibəsi də bu texnologiyaların kəşfiyyat, müdafiə və zərbə əməliyyatlarında nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirir.
Bu kontekstdə Böyük Britaniya ilə Ukrayna arasında Ukrayna istehsalı olan orta və uzaqmənzilli zərbə dronlarının Britaniya ərazisində istehsalına dair saziş imzalanması diqqət çəkir. Razılaşma Ukraynanın istehsal imkanlarının genişləndirilməsini, Britaniyanın sənaye potensialından istifadəni və Ukrayna ordusunun hərbi imkanlarının gücləndirilməsini nəzərdə tutur.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hərbi ekspert Heydər Mirzə qeyd edib ki, Böyük Britaniya ilə Ukrayna arasında dron istehsalı və tədarükü ilə bağlı imzalanan bu saziş nə ilk, nə də sonuncu razılaşmadır: “İlk növbədə nəzərə almalıyıq ki, belə müqavilələr bir-iki gün ərzində hazırlanmır və imzalanmır. Onların müəyyən planlaşdırma və danışıqlar mərhələsi olur. Təxminən yayın sonlarından, payızın əvvəlindən etibarən bu məsələ ilə bağlı danışıqların aparıldığını ehtimal etmək olar. Lakin sazişin məhz ilin sonunda imzalanması diqqətçəkən məqamdır. Burada ABŞ-də keçirilən aralıq seçkilərindən sonra Konqresdə respublikaçılarla demokratlar arasındakı münasibətlərin və siyasi qüvvələr balansının dəyişməsi, Tramp administrasiyasının mövqelərinin zəifləməsi, eyni zamanda Ukraynanın Avropadakı müttəfiqlərinin fəallaşması mühüm amillərdir. Avropa ölkələri nəzərə alırlar ki, yanvar ayından etibarən demokratların Konqresdə mövqelərinin güclənməsi ABŞ-nin Ukraynaya yardımı məsələsini yenidən aktuallaşdıra bilər. Söhbət həm hərbi, həm də maliyyə yardımlarından gedir. Maliyyə dəstəyinin artması isə silahlanma və hərbi təchizat müqavilələrinin sayının da çoxalmasına şərait yarada bilər”.
Ekspert qeyd edib ki, əvvəllər müəyyən səbəblərdən, xüsusilə ABŞ-nin mövqeyi ilə əlaqədar olaraq, bəzi proseslər ləngiyirdi və Avropanın müttəfiq ölkələri də bu istiqamətdə kifayət qədər fəal deyildilər: “Lakin hesab edirəm ki, artıq Qərbin yenidən silahlanma prosesini sürətləndirməsinin ilkin əlamətləri müşahidə olunur. Bu prosesin yanvar ayından etibarən, o cümlədən ABŞ-nin dəstəyi ilə daha da fəallaşacağını düşünürəm. Böyük Britaniya ilə Ukrayna arasında əldə olunan hazırkı razılaşma da müəyyən mənada məhz bu tendensiyaya işarə edir”.
Ayhan
15:30 26.11.2026
Oxunuş sayı: 181