Şad xəbər: Azərbaycanla Gürcüstan arasında quru sərhədlərinin açılması gözlənilir
Azərbaycan və Gürcüstan arasında münasibətlər tarixi dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir. İki ölkə arasındakı əlaqələr yalnız siyasi və diplomatik münasibətlərlə məhdudlaşmır, həm də enerji, nəqliyyat, logistika, ticarət və regional təhlükəsizlik sahələrində mühüm əməkdaşlığı əhatə edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və Orta Dəhliz kimi beynəlxalq əhəmiyyətli layihələr bu tərəfdaşlığın regional miqyasını daha da genişləndirir.
Noyabrın 24-də Prezident İlham Əliyevin Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə görüşü də ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri baxımından diqqət çəkir. Görüşdə regional sabitlik, nəqliyyat bağlantıları və birgə iqtisadi-enerji layihələri müzakirə olunub.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi xadim Qulamhüseyn Əlibəyli qeyd edib ki, Azərbaycan-Gürcüstan münasibətləri müsbət dinamika ilə inkişaf edir və bu, təqdirəlayiq haldır: “Hər iki dövlət Cənubi Qafqaz regionunda yerləşir və onlar arasındakı münasibətlər bütövlükdə regionun siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasına təsir göstərir. Çünki regionda sabitliyin, sülhün və iqtisadi inkişafın təmin olunması, ilk növbədə, burada yerləşən dövlətlərin qarşılıqlı anlaşmasından, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, tarixinə və mədəniyyətinə hörmətlə yanaşmasından asılıdır”.

Politoloq qeyd edib ki, Azərbaycanla Gürcüstan arasında bu istiqamətdə ciddi problemlər mövcud deyil: “Düzdür, zaman-zaman Keşikçidağ monastırı ilə bağlı müəyyən narazılıqlar meydana çıxır. Lakin tərəflər bu kimi məsələləri danışıqlar və qarşılıqlı razılaşmalar yolu ilə həll etmək imkanına malikdirlər. Gürcüstan Azərbaycan üçün həm də ona görə xüsusi əhəmiyyət daşıyır ki, bu ölkədə çoxsaylı azərbaycanlı həmvətənlərimiz, xüsusilə Borçalıda yaşayan soydaşlarımız var. Dövlətlərarası münasibətlərin normal və dostluq şəraitində inkişaf etməsi həmin soydaşlarımızın Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş hüquqlarından istifadə etmələrinə, eyni zamanda, özlərini Azərbaycan xalqının ayrılmaz hissəsi kimi hiss etmələrinə də müsbət təsir göstərir. Hesab edirəm ki, gələcəkdə Azərbaycanla Gürcüstan arasında quru sərhədlərin açılması məsələsi də gündəmə gələ bilər. Bu, xüsusilə Borçalıda yaşayan soydaşlarımızla əlaqələrin genişlənməsi və onlara əlavə dəstək baxımından əhəmiyyətli olardı. Bütün bunları nəzərə alaraq, Azərbaycan-Gürcüstan münasibətlərinin normal və müsbət istiqamətdə inkişaf etdiyini xüsusi qeyd etmək lazımdır”.
Ayhan
16:40 26.11.2026
Oxunuş sayı: 37