Quyunun ağzını bağlamayanlar məsuliyyət daşıyacaq
Azərbaycanda su quyularına düşmə
halları vaxtaşırı faciəvi hadisələrlə nəticələnir. Xüsusilə açıq və mühafizə
olunmayan quyular kənd yerlərində, yaşayış məntəqələrinin ətrafında ciddi
təhlükə mənbəyinə çevrilir. Bəzən bir anlıq diqqətsizlik insan həyatına son
qoyur, bəzi hallarda isə quyuya düşən şəxsin xilas edilməsi uzun və mürəkkəb
əməliyyata çevrilir.
Problemin əsas səbəblərindən biri
quyuların lazımi qaydada qorunmaması, üzərlərinin örtülməməsi və ətrafında
təhlükəsizlik sədlərinin olmamasıdır. Xüsusilə həyət evlərinin, əkin
sahələrinin və kənd yollarının yaxınlığında yerləşən quyular uşaqlar və yaşlı
insanlar üçün əlavə risk yaradır. İstifadə olunmayan köhnə quyular da təhlükə
mənbəyi olaraq qalır.
Burada təkcə bədbəxt hadisələr deyil, həm də məsuliyyət məsələsi gündəmə gəlir. Quyuların təhlükəsiz vəziyyətdə saxlanılmasına kim nəzarət etməlidir?

Crossmedia.az-a açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, su quyularına düşmə hallarının təkrarlanmasının əsas səbəblərindən biri nəzarətsizlik və elementar təhlükəsizlik qaydalarına əməl olunmamasıdır:
“Çox vaxt istismarı başa çatmış köhnə quyular doldurularaq ləğv edilmir.
İstifadədə olan quyuların ağzı isə möhkəm qapaqla bağlanmır. Bəzən də
həyətlərdə və əkin sahələrində qazılan quyular otların arasında görünməz olur.
Onların ətrafına heç bir çəpər və ya xəbərdaredici nişan qoyulmur.
Bunun qarşısını almaq üçün qaydalar çox sadədir: istifadə olunmayan quyular
mütləq torpaqla doldurulmalı və tamamilə ləğv edilməlidir. İstifadədə olan
quyuların ağzı yer səthindən hündür olmalı, ətrafı hasarlanmalı və üzərinə
uşağın, yaxud təsadüfi şəxsin aça bilməyəcəyi möhkəm, kilidli qapaq
qoyulmalıdır.
Məsuliyyət məsələsinə gəlincə, quyu hansı ərazidə yerləşirsə, məsuliyyət də
həmin ərazinin sahibinin üzərinə düşür. Yəni quyu fərdi həyətdədirsə, ev
sahibi, təsərrüfatda və ya əkin sahəsindədirsə, torpaq sahibi və ya fermer,
ümumi istifadə ərazisindədirsə, yerli icra hakimiyyəti qurumları və kommunal
xidmətlər məsuliyyət daşıyır. Ümumilikdə, quyuya görə həmin ərazinin sahibi
cavabdehlik daşıyır.
Əgər quyu açıq saxlanılıbsa və bu səhlənkarlıq üzündən kiminsə xəsarət
almasına və ya ölümünə səbəb olubsa, məsul şəxslər qanunvericiliyə uyğun olaraq
həm inzibati cərimə, həm də ağır nəticələrə görə cinayət məsuliyyəti daşıyırlar”.
Məhəbbət Tərlanoğlu
16:45 26.11.2026
Oxunuş sayı: 49