Paşinyan: Rusiya sərhədçiləri Ermənistanı tərk edəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın illərdə Rusiya sərhədçilərinin ölkədən çıxarılacağını və dövlət sərhədlərinin mühafizəsinin tamamilə Ermənistanın nəzarətinə keçəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Ermənistanın İctimai Televiziyası bu barədə məlumat yayıb.
Paşinyan noyabrın 26-da İrəvanda keçirdiyi brifinqdə ölkəsinin sərhəd təhlükəsizliyini müstəqil şəkildə təmin etməyə hazır olduğunu açıqlayıb.
“Rusiya sərhədçilərinə bu müddət ərzində Ermənistanın sərhədlərini qoruduqları üçün təşəkkür edirik. Lakin hesab edirəm ki, yaxın illərdə sərhədlərimizin mühafizəsi üzrə bütün məsuliyyəti öz üzərimizə götürməyin vaxtı çatıb”, – deyə o bildirib.
Hazırda Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri 1992-ci ildə imzalanmış sazişə əsasən Ermənistanın Türkiyə və İranla sərhədlərinin müəyyən hissələrini erməni sərhədçilərlə birlikdə mühafizə edirlər.
Qeyd edək ki, Rusiya sərhədçiləri 2024-cü il avqustun 1-də İrəvanın Zvartnots Beynəlxalq Hava Limanında xidmətlərini dayandırıblar.
Onlar 2025-ci ilin yanvarında İranla sərhəddə yerləşən Ağarak, fevralında isə Türkiyə ilə sərhəddəki keçid məntəqələrindən çıxarılıblar.
16:22 26.11.2026
Oxunuş sayı: 30