FIFA-ya kiberhücum: Məxfi məlumatlar oğurlanıb
Beynəlxalq Futbol Federasiyası (FIFA) kiberhücuma məruz qaldığını və şəxsi, eləcə də işgüzar məlumatların oğurlandığını təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, “The New York Times” qəzeti bu barədə məlumat yayıb.
Məlumata görə, “Handsome Boy Hacking Club” adlı haker qrupu FIFA-nın informasiya sistemlərindən 12 giqabaytdan çox məlumat ələ keçirdiyini iddia edib.
Oğurlandığı bildirilən məlumatlar arasında şəxsiyyəti təsdiq edən sənədlər, maliyyə hesabatları, hüquqi sənədlər və təşkilatın daxili idarəetməsinə dair məxfi materiallar var.
Bildirilir ki, hakerlər FIFA əməkdaşlarının adından istifadə edərək özlərini təşkilatın işçiləri kimi təqdim etməklə sistemlərə giriş əldə ediblər.
FIFA nümayəndəsi kiberhücum nəticəsində məhdud həcmdə şəxsi və işgüzar məlumatlara icazəsiz giriş əldə olunduğunu təsdiqləyib.
Təşkilat məlumatların qanunsuz əldə edilməsini və yayılmasını qətiyyətlə pisləyərək hadisə ilə bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini açıqlayıb.
Bununla belə, haker qrupunun 12 giqabaytdan çox məlumat oğurladığına dair iddiası FIFA tərəfindən təsdiqlənməyib.
16:18 26.11.2026
Oxunuş sayı: 36