Merts: Ukraynaya dəstək davam etdirilməlidir
Almaniya Kansleri Fridrix Merts Ukraynaya qarşıdakı illərdə də kifayət qədər hərbi və humanitar yardım göstərilməsinin vacibliyini vurğulayıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi bu barədə məlumat yayıb.
Merts noyabrın 26-da Brüsseldə Avropa İttifaqının (Aİ) 2028–2034-cü illəri əhatə edən büdcəsinin müzakirə olunacağı sammitdən əvvəl jurnalistlərə açıqlama verib.
O bildirib ki, Aİ-nin yeni büdcəsi həm iqtisadi inkişafı, həm də Avropanın müdafiə imkanlarının gücləndirilməsini təmin etməlidir.
“Ukraynanın qarşıdakı illərdə kifayət qədər dəstəklənməsini təmin etməliyik. Bu, həm hərbi, həm də humanitar sahələrə aiddir”, – deyə kansler vurğulayıb.
Merts Ukraynaya qış aylarında yardım göstərilməsinin və ölkənin yenidən qurulmasına dəstəyin vacibliyini də qeyd edib.
Kanslerin sözlərinə görə, Aİ büdcəsi ilə bağlı hazırkı təkliflər razılaşma əldə etmək üçün yetərli deyil. O, büdcənin həcminin yüksək olduğunu və xərclərin üzv dövlətlərin maliyyə imkanlarına uyğunlaşdırılmalı olduğunu bildirib.
Merts Ukraynaya yardımın müharibəni uzatmaq məqsədi daşımadığını da vurğulayıb.
“Biz bunu müharibəni uzatmaq üçün deyil, mümkün qədər tez başa çatdırmaq üçün edirik”, – deyə o əlavə edib.
Almaniya Kansleri bu istiqamətdə səylərin bütün Aİ ölkələri tərəfindən birgə həyata keçirilməli olduğunu bildirib.
18:09 26.11.2026
Oxunuş sayı: 36