AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə doktorantların dissertasiya mövzuları təsdiqlənib
Noyabrın 26-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasında 2026-cı il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olunmuş doktorantların dissertasiya mövzusu və elmi rəhbərlərinin təsdiqinə həsr olunmuş iclas keçirilib.
Crossmedia.az xəbər verir ki, iclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin əməkdaşları, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, Təhsil şöbələrinin müdirləri, 2026-cı il üçün AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olunmuş doktorantlar və onların elmi rəhbərləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan akademik İsa Həbibbəyli qeyd edib ki, artıq ənənə halını alan bu görüşlər doktoranturaya qəbulun nəticələrinin müzakirəsi, dissertasiya mövzularının nəzərdən keçirilməsi və elmi rəhbərlərin təsdiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Akademik İsa Həbibbəyli bildirib ki, doktorantların dissertasiya mövzuları əvvəlcə müvafiq elmi müəssisə və təşkilatlarda, şöbələrdə müəyyənləşdirilib, elmi şuralarda müzakirə olunub. Daha sonra Humanitar Elmlər Bölməsinin və İctimai Elmlər Bölməsinin iclaslarında təkrar nəzərdən keçirilərək təkmilləşdirilib və təsdiq üçün Rəyasət Heyətinə təqdim olunub.
AMEA rəhbəri cari ilin mövzuları müəyyənləşdirilərkən dövlətimizin prioritetlərinin və müasir dünya elminin çağırışlarının nəzərə alındığını söyləyib.
Akademik İsa Həbibbəyli bildirib ki, elmi tədqiqat mövzularının adlandırılmasında Azərbaycan dilinin imkanlarından geniş istifadə edilməli, zərurət olmadığı halda alınma sözlərə üstünlük verilməməlidir. Ölkə Prezidenti cənab İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki proqram xarakterli çıxışında və yerli televiziya kanallarına müsahibəsi zamanı ana dilinin saflığının qorunmasını alimlərimiz və cəmiyyətimiz qarşısında prioritet vəzifə olaraq qoyulduğunu xüsusi vurğulayaraq bildirib ki, beynəlxalq elmi terminlərdən yalnız ehtiyac yarandığı hallarda istifadə olunmalı, mövzuların dili aydın, anlaşıqlı və milli dil normalarına uyğun olmalıdır. AMEA prezidenti qeyd edib ki, bu tələb ölkə rəhbərliyinin həyata keçirdiyi dil siyasətinin və azərbaycançılıq ideologiyasının əsas prinsipləri ilə uzlaşır. O, elmi müəssisə rəhbərlərinin və elmi şuraların dissertasiya mövzularını təsdiq üçün təqdim etməzdən əvvəl bu məsələyə xüsusi həssaslıqla yanaşmalı olduqlarını bildirib.
Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri 2026-cı il üçün doktoranturaya qəbulun nəticələri haqqında məlumat verib.
Sərxan Xavəri bildirib ki, müvafiq qanunvericiliyin və doktoranturaya qəbul qaydalarının tələblərinə uyğun imtahanlar keçirilib. Şöbə müdiri diqqətə çatdırıb ki, müəyyən edilmiş prosedurlara uyğun olaraq, dissertasiya mövzuları AMEA-nın elmi müəssisə və təşkilatlarının elmi şuralarında geniş müzakirə edilib.
Daha sonra akademik İsa Həbibbəylinin rəhbərliyi ilə doktorantların dissertasiya mövzuları geniş müzakirə edilib, bir sıra mövzularında adlarında düzəlişlər olunub.
Sonda 2026-cı il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olunmuş doktorantların dissertasiya mövzusu və elmi rəhbərləri təsdiqlənib.
17:22 26.11.2026
Oxunuş sayı: 62