Çində 270 milyon dollarlıq süni intellekt serverləri maliyyələşmə üçün istifadə edilib
Çinli iş qadını Elis Huan (Alice Huang) ilə əlaqəli şirkətlərin Çində 270 milyon ABŞ dolları dəyərində süni intellekt serverlərindən kredit və maliyyələşdirmə əldə etmək üçün istifadə etdikləri məlum olub.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə əvvəllər ictimaiyyətə açıqlanmamış maliyyə və korporativ sənədlərə istinadən məlumat yayıb.
Məlumata görə, araşdırılan sənədlərdə ümumi dəyəri 270 milyon dollar olan 764-ə qədər server və süni intellekt hesablama modulu qeyd edilib. Bundan əlavə, 31 milyon dollarlıq şəbəkə avadanlığının da maliyyələşdirmə əməliyyatlarında istifadə olunduğu müəyyənləşdirilib.
Avadanlıqların əhəmiyyətli hissəsi Şanxayda yerləşən süni intellekt məlumat mərkəzi ilə əlaqələndirilir.
Araşdırmada “Century Litong” şirkətinin 2024-cü ilin may–dekabr aylarında 512-yə qədər server üzrə təxminən 200 milyon dollar dəyərində lizinq müqavilələri bağladığı bildirilir.
Digər şirkət – “Wuhu Century Longteng” isə 2026-cı ilin aprelində 252 süni intellekt hesablama modulunu girov göstərərək “Ping An Bank”dan 70 milyon dollar kredit əldə edib.
Sənədlər sözügedən şirkətlərin Elis Huanın ailə üzvləri və biznes tərəfdaşları ilə əlaqələrini ortaya qoyub.
ABŞ hakimiyyəti isə Huanın əvvəllər əlaqəli olduğu Sinqapurda qeydiyyatdan keçmiş “Megaspeed” şirkətinin ixracı məhdudlaşdırılmış “Nvidia” texnologiyalarının Çin müştərilərinə çatdırılmasında mümkün iştirakını araşdırır.
Bununla belə, araşdırmada qeyd olunan serverlərin ABŞ-nin ixrac qadağalarına məruz qalan çiplərlə təchiz edildiyi sübuta yetirilməyib.
17:58 26.11.2026
Oxunuş sayı: 37