Rusiyanın zərbələri Odessanın elektrik şəbəkəsinin 60 faizini hədəf alıb
Ukraynanın Odessa vilayətində elektrik yarımstansiyalarının 60 faizi Rusiyanın hücumlarına məruz qalıb. Qış mövsümü ərəfəsində şəhərin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsində ciddi çətinliklər yaranıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, Rusiya qüvvələri Ukraynanın Qara dəniz sahilində yerləşən strateji liman şəhərinin elektrik infrastrukturuna hücumlarını davam etdirir.
“DTEK Odessa Elektrik Şəbəkələri” şirkətinin rəhbəri Dmitri Qriqoryev bildirib ki, vilayətdəki elektrik yarımstansiyalarının təxminən 60 faizi hücumlara məruz qalıb.
Onun sözlərinə görə, aparılan təmir-bərpa işləri nəticəsində enerji təchizatı bərpa edilib və Odessa Ukraynanın ümumi elektrik şəbəkəsinə bağlı qalır.
Qriqoryev qeyd edib ki, Rusiya əvvəlcə elektrik enerjisi istehsal edən obyektləri hədəf alırdı. Lakin Ukraynanın həmin infrastrukturu bərpa etmək imkanlarının artmasından sonra hücumlar elektrik enerjisinin ötürülməsi şəbəkələrinə yönəlib.
Noyabrın 25-nə keçən gecə həyata keçirilən növbəti hücum nəticəsində Odessa vilayətində təxminən 9 min ev təsərrüfatı işıqsız qalıb.
Bundan əvvəl də Rusiyanın enerji obyektlərinə zərbələri nəticəsində şəhərdə elektrik, istilik və su təchizatında genişmiqyaslı fasilələr yaranıb.
Ukrayna tərəfi qış aylarında əhalinin enerji təminatını qorumaq üçün zədələnmiş infrastrukturu bərpa etməyə çalışır.
18:17 26.11.2026
Oxunuş sayı: 28