Melonidən Ukraynaya xəbərdarlıq: Müharibə genişlənməməlidir
İtaliyanın Baş naziri C Giorgia Meloni Rusiya-Ukrayna müharibəsinin Aralıq dənizi regionuna yayılmasına yol verilməməli olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, İtaliyanın “ANSA” xəbər agentliyi bu barədə məlumat yayıb.
Meloni noyabrın 26-da Brüsseldə Avropa İttifaqının fövqəladə sammiti çərçivəsində jurnalistlərə açıqlamasında müharibənin coğrafi baxımdan genişlənməsinin qəbuledilməz olduğunu vurğulayıb.
“Hesab edirəm ki, müharibə Aralıq dənizinə yayılmamalıdır və yayıla bilməz. Bu məsələdə mövqeyimiz tam aydın olmalıdır. Son günlərdə olduğu kimi, ukraynalı dostlarımıza və tərəfdaşlarımıza bunu açıq şəkildə bildirməliyik”, – deyə o qeyd edib.
Baş nazir İtaliyanın Ukraynaya dəstəyini davam etdirdiyini, lakin münaqişənin yeni bölgələrə yayılmasının qarşısının alınmasını vacib saydığını bildirib.
Meloni Ukrayna Prezidenti Volodimir Zelenski ilə də bu məsələni açıq şəkildə müzakirə etmək niyyətində olduğunu vurğulayıb.
Qeyd edək ki, açıqlama noyabrın 22-də Ukraynanın Liviyanın Benqazi şəhəri yaxınlığında Rusiya hərbi gəmisinə hücumundan sonra səsləndirilib. İtaliya tərəfi münaqişənin Aralıq dənizinə yayılmasının regionda sabitliyə təhlükə yarada biləcəyindən narahatdır.
18:21 26.11.2026
Oxunuş sayı: 32