Neftçalada Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
Neftçala rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı müşavirə keçirilib.
Crossmedia.az xəbər verir ki, Neftçala
Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov rayonun aqrar sektorunda
müşahidə olunan inkişaf dinamikası, əldə edilmiş nəticələr və qarşıdakı dövr
üçün prioritet istiqamətlər barədə məlumat verib. Qeyd olunub ki, Dövlət
Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlər kənd təsərrüfatının inkişafına,
istehsal imkanlarının genişləndirilməsinə, yeni təşəbbüslərin
reallaşdırılmasına, fermer və sahibkarların fəaliyyətinin dəstəklənməsinə geniş
imkanlar yaradır.
Kənd
təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Dövlət Proqramının əsas hədəfləri,
aqrar sektorun müxtəlif istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər və dövlət
dəstəyi mexanizmləri barədə məlumat verib. Bildirilib ki, proqram çərçivəsində
bitkiçilik və heyvandarlıq sahələrində istehsalın genişləndirilməsi, məhsuldarlığın
artırılması, müasir texnologiyaların tətbiqi və dayanıqlı inkişafın təmin edilməsi
əsas prioritetlərdəndir.
Nazir
müavini rayon üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərə də toxunaraq
fermerlərin subsidiyalar, güzəştli kənd təsərrüfatı texnikası və avadanlıqları,
aqrar sığorta və digər dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə
imkanları barədə danışıb.
Müşavirədə
Neftçalanın kənd təsərrüfatı üzrə ixtisaslaşdığı sahələr, o cümlədən
taxılçılıq, pambıqçılıq, balıqçılıq və akvakulturanın inkişaf perspektivləri ətrafında
fikir mübadiləsi aparılıb.
Sonda
fermer və sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri
dinlənilib.
Müşavirədən
sonra tədbir iştirakçıları Balıqçılıq və Akvakultura Mərkəzinin Kiçik Qızılağac
Balıqartırma Müəssisəsi tərəfindən yetişdirilmiş Xəzər qızılbalığı və çəki
balıqlarının Kür çayına buraxılması prosesində iştirak ediblər.
18:47 26.11.2026
Oxunuş sayı: 32