Rusiyanın yeni krossoveri 1,6 milyon kilometrlik sınağı tamamlayıb
Rusiyanın “AvtoVAZ” şirkətinin yeni “Lada Azimut” krossoveri 1,6 milyon kilometr məsafəyə bərabər intensiv yol sınaqlarını tamamlayıb.
Crossmedia.az xəbər verir ki, “Rossiyskaya qazeta” nəşri bu barədə məlumat yayıb.
Bildirilib ki, sınaqlar avtomobilin uzun illər istismar zamanı məruz qalacağı yüklənmələri qısa müddətdə simulyasiya etməyə imkan verir. Məqsəd model satışa çıxarılmazdan əvvəl onun əsas hissələrinin və mexaniki sistemlərinin etibarlılığını qiymətləndirməkdir.
Satışların başlanğıcında avtomobil iki benzin mühərriki ilə təklif olunacaq. Bunlardan biri 120 at gücünə malik 1,6 litrlik mühərrik və altı pilləli mexaniki sürətlər qutusu, digəri isə 132 at gücünə malik 1,8 litrlik mühərrik və variator transmissiyası ilə təchiz ediləcək.
Gələcəkdə modelin mühərrik çeşidinin genişləndirilməsi planlaşdırılır. Təxminən 150 at gücünə malik turbomühərrikin hidromexaniki avtomatik sürətlər qutusu ilə təqdim olunması nəzərdə tutulur.
Qeyd edək ki, “Lada Azimut”un satışlarına dekabrın 1-də başlanılması planlaşdırılır.
Bundan əvvəl analitiklər yeni krossover üçün Rusiyada icbari avtomobil sığortası (OSAGO) və könüllü kasko sığortasının təxmini qiymətlərini hesablayıblar.
18:45 26.11.2026
Oxunuş sayı: 35