Rusiya kosmosda nüvə silahı yerləşdirmək planlarını təkzib edib
Rusiya Xarici İşlər Nazirliyi ölkənin kosmosda nüvə silahı yerləşdirməyə hazırlaşması ilə bağlı yayılan məlumatları təkzib edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.
Diplomat bildirib ki, Rusiyanın kosmik fəaliyyəti ilə bağlı yayılan iddiaların reallıqla heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, bu cür məlumatlar Almaniyanın kosmosda öz silahlarını yerləşdirmək planlarına haqq qazandırmaq və həmin məqsədlər üçün milyardlarla avro vəsait ayrılmasını əsaslandırmaq məqsədi daşıyır.
Bundan əvvəl Almaniyanın WDR və NDR telekanalları, eləcə də “Süddeutsche Zeitung” nəşri birgə araşdırma yayımlayıb. Materialda Almaniya Federal Kəşfiyyat Xidməti (BND) və Bundesverin Rusiyanın cari ildə nüvə başlığı daşıyan peyki orbitə çıxarmağa hazırlaşması ilə bağlı məlumatlara malik olduğu bildirilib.
Araşdırmada “Sputnik-S” adlı kosmik aparatın Moskvaətrafı ərazidə artıq yığılmış vəziyyətdə saxlanıldığı və yaxın həftələrdə buraxılışa hazır ola biləcəyi iddia edilib.
Almaniyanın müdafiə naziri Boris Pistorius noyabrın 24-də məsələ ilə bağlı yayılan məlumatlardan sonra sakitliyi qorumağa çağırıb. O, belə məlumatların mətbuatda yer aldığını təsdiqləsə də, sözügedən silahın xarakterinin və təsirinin onun harada tətbiq olunmasından asılı olduğunu bildirib.
Qeyd edək ki, kosmosda nüvə silahının yerləşdirilməsi beynəlxalq təhlükəsizlik məsələləri baxımından ciddi narahatlıq doğuran mövzulardan biridir.
22:47 26.11.2026
Oxunuş sayı: 34