Rusiya daha iki Gürcüstan şərab şirkətinə sanksiya tətbiq edə bilər
Rusiya Gürcüstanın daha iki şərab istehsalçısına qarşı məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Georgi Zurabaşvili bildirib.
Onun sözlərinə görə, Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüş zamanı Gürcüstan tərəfi ölkə şərablarının Rusiya bazarına qaytarılması məsələsinin həllini gözləyib. Lakin danışıqlar zamanı Moskvanın daha iki Gürcüstan şərab şirkətinə qarşı məhdudiyyətlər tətbiq etmək niyyətində olduğu məlum olub.
Zurabaşvilinin sözlərinə görə, Qaluzin ona iki Gürcüstan şərab istehsalçısına qarşı əlavə məhdudiyyətlərin tətbiq ediləcəyini bildirib.
Qeyd edək ki, Rusiya və Gürcüstan nümayəndələrinin görüşü noyabrın 19-da Minskdə keçirilib. Tərəflər ikitərəfli münasibətləri, ticarət-iqtisadi və humanitar məsələləri, eləcə də regional təhlükəsizliyi müzakirə ediblər.
Xatırladaq ki, 2026-cı ilin oktyabrında Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) bir sıra Gürcüstan istehsalçılarının məhsullarının ölkəyə idxalını və satışını dayandırıb. Məhdudiyyətlər “Teliani Veli”, “Tbilvino”, “Gürcüstan Pivə Şirkəti” və “Askaneli qardaşları” şirkətlərinin şərablarına, həmçinin “Nabeqlavi” mineral suyuna şamil olunub.
Rusiya tərəfi qərarı məhsulların təhlükəsizlik göstəricilərinə uyğun gəlməməsi ilə əsaslandırıb.
22:21 26.11.2026
Oxunuş sayı: 44