Gələn ildən maaşlar artırılacaq? - Açıqlandı
2027-ci ildən etibarən Azərbaycanda pensiyaların, əməkhaqlarının və sosial müavinətlərin artırılması məsələsi vətəndaşların diqqət mərkəzindədir. Yeni ildən sosial ödənişlərdə artımın olub-olmayacağı, bu artımın hansı kateqoriyaları əhatə edəcəyi və məbləğin nə qədər təşkil edəcəyi maraq doğurur.
Bu istiqamətdə artıq rəsmi açıqlamalar da səsləndirilib. Belə ki, 2027-ci ildə pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi, əməkhaqqı və digər sosial ödənişlərin artırılmasını nəzərdə tutan 6-cı sosial islahat paketinin həyata keçirilməsi planlaşdırılır. Bəs bu artımlar konkret olaraq nə qədər olacaq? Minimum əməkhaqqı, tələbə təqaüdləri, sosial müavinətlər və pensiyalar üzrə hansı dəyişikliklər gözlənilir? Artımlar bütün vətəndaşları əhatə edəcəkmi?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Cross Media Təhlil Mərkəzinin analitiki Aqil Əsədov qeyd edib ki, “Əmək Məcəlləsinə” müvafiq dəyişiklik edilib və dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq: “Bu baxımdan da, Azərbaycanda 2027-ci il yanvarın 1-dən minimum əməkhaqqının artırılması ilə bağlı gözləntilər mövcuddur. Mövcud məlumatlara əsasən, minimum əməkhaqqının hazırkı 400 manatdan 450–470 manat intervalına yüksəldilməsi mümkün variant kimi müzakirə olunur. İqtisadçılar tərəfindən minimum əmək haqqının 450, 460 və ya 470 manat olacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilsə də, yaxın keçmişin təcrübəsi artımla bağlı müəyyən təhlillər aparmağa imkan yaradır.
Ümumilikdə, son illərin təcrübəsi artımın 8-10% olacağı ehtimalını əsaslandırır. Həm də ona görə ki, bu kifayət qədər genişəhatəli bir qərar olacaqdır. Təbii ki, 2027-ci ilin büdcəsi müzakirələrə təqdim edildikdə, daha konkret fikir bildirmək mümkün olacaqdır. Bütün hallarda isə, burada üç məqamı fərqləndirmək lazımdır. Yeni məbləğ qüvvəyə mindikdə, tam iş vaxtı normasını yerinə yetirən və əmək funksiyasını icra edən işçinin əməkhaqqı müəyyən edilmiş həddən aşağı ola bilməz. Minimum əməkhaqqının artırılması aşağı tarif dərəcələrinin və digər əmək haqqı pillələrinin yenidən nəzərdən keçirilməsinə əsas yarada bilər. Əlbəttə, bu o demək deyil ki, bütün dərəcələr, avtomatik olaraq eyni faizlə artırılacaqdır. Bütün hallarda isə, tam ştatla çalışan işçinin minimum əmək haqqından aşağı əmək haqqı alması qanunla qadağan ediləcəkdir.
Onu da nəzərə almaq lazımdır ki, minimum əmək haqqı artımı özəl sektorda çalışanların əmək haqqına da təsir edəcəkdir. Eyni zamanda, minimum əmək haqqı artımı vergi ödəyicilərinin xərclərini də artıracaqdır. Mövcud qaydalara görə, VÖEN-lə çalışan bütün şəxslərin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödədikləri məbləğ minimum əmək haqqı məbləği ilə əlaqədardır. Bu mənada minimum əmək haqqı artımı özəl sektor üçün əlavə xərclər də yaradır. Əlbəttə, arzu ediləndir ki, DSMF-yə ödənişlərinin minimum əməkhaqqına bağlılığı məsələsinə yenidən baxılsın, hazır ki, təcrübədə isə minimum əmək haqqı artımı özəl sektorda xərcləri artıracaqdır.
Beləliklə, minimum əmək haqqının şaxəli təsirlərini və ötən illərin təcrübəsini nəzərə alaraq, artımın 10%-i ötməyəcəyini deyə bilərik. Əlbəttə, mövcud qiymətlər daha böyük artımlara ehtiyac olduğunu əsaslandırır, lakin bunun büdcə xərclərinə, özəl sektora təsirlərini nəzərə almaq lazımdır. Əsas olan odur ki, artıq minimum əmək haqqı məbləğinə hər il baxılacaqdır ki, bununla da minium əməkhaqqına bağlı bütün əməkhaqqıların yüksəlmiş olacaqdır”.
Ayhan
22:04 26.11.2026
Oxunuş sayı: 50