Rusiya Gürcüstanla münasibətləri normallaşdırmağa çalışır?
Rusiya ilə Gürcüstan arasında münasibətlərin gələcək perspektivləri yenidən gündəmə gəlib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Tbilisi ilə münasibətlərin normallaşmasında maraqlı olduğunu bəyan edib. Bu açıqlama iki ölkə arasında diplomatik münasibətlərin olmadığı, siyasi fikir ayrılıqlarının və qarşılıqlı etimadsızlığın davam etdiyi bir şəraitdə diqqət çəkir.
Qeyd edək ki, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra iki ölkə arasında diplomatik münasibətlər kəsilib. Buna baxmayaraq, son illərdə iqtisadi-ticarət əlaqələri, turizm və digər sahələrdə müəyyən yaxınlaşma müşahidə olunur. Gürcüstan isə bir tərəfdən Qərblə inteqrasiya istiqamətində mövcud hədəflərini qorumağa çalışır, digər tərəfdən Rusiya ilə münasibətlərdə birbaşa qarşıdurmadan yayınmağa üstünlük verir. Bu siyasət Tbilisinin xarici siyasətində mürəkkəb balans axtarışını ortaya qoyur.
Bəs Moskvanın Gürcüstanla münasibətləri normallaşdırmaq niyyəti nə dərəcədə realdır? Rusiyanın bu istiqamətdəki maraqları nədən qaynaqlanır? Gürcüstanın hazırkı Rusiya siyasətini hansı amillər müəyyənləşdirir və Tbilisi Moskva ilə münasibətlərdə hansı siyasi xətti davam etdirəcək?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Yusif Bağırzadə qeyd edib ki, Rusiya xarici işlər naziri Lavrovun Gürcüstanla münasibətlərin normallaşmasında maraqlı olduğunu bəyan etməsi Cənubi Qafqazda dəyişən geosiyasi vəziyyət fonunda diqqət çəkən diplomatik mesajdır: “Lakin bu açıqlamanı Rusiyanın Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə münasibətində prinsipial dəyişiklik baş verməsi kimi qiymətləndirmək düzgün olmazdı. Əslində, Moskvanın marağı daha çox Tbilisi ilə siyasi, iqtisadi və kommunikasiya kanallarını genişləndirmək, regionda təsir imkanlarını qorumaq və mövcud geosiyasi reallıqlardan öz maraqları naminə istifadə etməkdir.
İlk növbədə nəzərə almaq lazımdır ki, 2008-ci il müharibəsindən sonra Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb, həmin ərazilərdə hərbi mövcudluğunu saxlayır. Gürcüstan isə haqlı olaraq bu əraziləri özünün ayrılmaz hissəsi hesab edir və Moskvanın qərarını suverenliyinə qarşı ciddi təhdid kimi qiymətləndirir. Bu fundamental ziddiyyət aradan qalxmadığı halda, Rusiya ilə Gürcüstan arasında münasibətlərin tam normallaşmasından danışmaq çətindir.
Bununla belə, Moskvanın münasibətləri müəyyən istiqamətlər üzrə inkişaf etdirmək istəyi realdır”.
Politoloq qeyd edib ki, Gürcüstan Cənubi Qafqazın mühüm geosiyasi və geoiqtisadi məkanında yerləşir: “Qara dənizə çıxış, nəqliyyat-kommunikasiya xətləri, Orta Dəhliz və regional ticarət əlaqələri bu ölkənin strateji əhəmiyyətini artırır. Rusiya üçün Gürcüstanla iqtisadi və humanitar təmasların genişləndirilməsi həm regional mövqelərini qorumaq, həm də Qərbin təsir imkanlarının artmasını məhdudlaşdırmaq baxımından əhəmiyyətlidir.
Noyabrın 19-da Minskdə Rusiya və Gürcüstan nümayəndələrinin birbaşa təmaslarının bərpası, noyabrın 25-də isə Lavrovun normallaşma ilə bağlı açıqlaması bu kontekstdə xüsusi diqqət çəkir. Məlumdur ki, görüşdə ticarət, iqtisadiyyat, humanitar məsələlər və regional təhlükəsizlik müzakirə olunub. Deməli, tərəflər arasında müəyyən praktiki əməkdaşlıq kanallarının genişləndirilməsi istiqamətində proses başlayıb. Lakin bu, diplomatik münasibətlərin bərpası demək deyil.
Gürcüstanın bugünkü Rusiya siyasətinə gəldikdə isə, burada kifayət qədər praqmatik və ehtiyatlı yanaşma müşahidə olunur. Hakim “Gürcü Arzusu” hökuməti Moskva ilə açıq qarşıdurmadan yayınmağa, iqtisadi əlaqələri qorumağa və siyasi dialoq imkanlarından istifadə etməyə çalışır. Eyni zamanda, Tbilisi Rusiyanın Abxaziya və Cənubi Osetiya ilə bağlı qərarını qəbul etmir və diplomatik münasibətlərin bərpasına hazır olmadığını bildirir. Bu siyasəti Rusiyaya tam siyasi yaxınlaşma kimi deyil, təhlükəsizlik risklərini və iqtisadi maraqları nəzərə alan balanslaşdırma cəhdi kimi qiymətləndirmək daha doğru olar.
Digər tərəfdən, Gürcüstanın Avropa İttifaqına üzvlük perspektivi ilə bağlı vəziyyət də mürəkkəbləşib. Ölkə 2023-cü ildə namizəd statusu əldə etsə də, demokratik islahatlarla bağlı problemlər səbəbindən üzvlük prosesi faktiki olaraq dayanıb. Brüssel Tbilisinin daxili siyasi kursunu və demokratik geriləmə ilə bağlı narahatlıqları açıq şəkildə gündəmə gətirir. Beləliklə, Gürcüstan bir tərəfdən Avropa inteqrasiyası perspektivini qorumağa, digər tərəfdən isə Rusiya ilə münasibətlərdə gərginliyin artmasının qarşısını almağa çalışır.
Düşünürəm ki, hazırkı mərhələdə Moskvanın əsas məqsədi Gürcüstanla münasibətləri bütün ziddiyyətləri aradan qaldırmaq yolu ilə deyil, siyasi və iqtisadi təmasları genişləndirməklə yeni mərhələyə keçirməkdir. Rusiya üçün Tbilisinin Qərblə münasibətlərində məsafənin artması və Moskva ilə dialoqa daha açıq mövqe nümayiş etdirməsi özü də mühüm geosiyasi nəticədir.
Ümumiyyətlə isə Abxaziya və Cənubi Osetiya məsələsində mövqelər dəyişmədiyi təqdirdə, tərəflər arasında iqtisadi və siyasi təmasların genişlənməsi mümkün olsa da, münasibətlərin tam və dayanıqlı normallaşması ciddi sual altında qalacaq”.
Ayhan
21:30 26.11.2026
Oxunuş sayı: 44