Süni intellekt yanacaq tədarükü ilə bağlı qərarları 3 dəqiqəyə verəcək
Rusiyanın “Qazprom Neft” şirkəti yanacağın əlavə tədarükünün bölüşdürülməsi və istehsal planlarının operativ şəkildə tənzimlənməsi üçün çoxagentli süni intellekt sistemini tətbiq edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri Aleksandr Dyukov beynəlxalq "AI Journey" konfransında Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə məlumat verib.
Layihə “Sber”in GigaCowork platforması ilə birgə həyata keçiriləcək.
Dyukovun sözlərinə görə, neft şirkətlərində əsas istehsal planları adətən bir neçə ay əvvəldən hazırlanır. Bununla belə, “Qazprom Neft” hər ay təxminən 20 min əlavə tədarük sifarişi alır. Məsələn, şirkət bir iş günü ərzində altı federal dairəyə yanacaq çatdırılması ilə bağlı 533 müraciət qəbul edib. Sifarişlər arasında ölkənin şimal-qərb regionları üçün 5 min ton dizel yanacağı da olub.
Yeni sistem müraciət daxil olduqdan sonra istehsal və logistika üzrə süni intellekt agentlərinə müvafiq tapşırıqlar ötürəcək. Rəqəmsal əkiz vasitəsilə mövcud istehsal imkanları müəyyənləşdiriləcək, daha sonra sistem 100 mindən çox hesablama apararaq mümkün tədarük variantlarını qiymətləndirəcək. Son qərar iqtisadi baxımdan ən səmərəli ssenari əsasında veriləcək.
Şirkət rəhbərinin bildirdiyinə görə, əvvəllər bu proses səkkiz bölmənin iştirakı ilə təxminən üç gün çəkirdi. Yeni texnologiya sayəsində isə eyni iş cəmi üç dəqiqə ərzində yerinə yetiriləcək.
Dyukov əlavə edib ki, “Qazprom Neft” çoxagentli süni intellekt sistemlərini istehsal zəncirinin bütün mərhələlərində tətbiq etməyi planlaşdırır. Texnologiyanın yataqlarda, quyularda, emal zavodlarında və məhsulların satışında istifadəsi nəzərdə tutulur.
Şirkət yeni həllərin tətbiqindən əldə edilə biləcək potensial iqtisadi səmərəni təxminən 300 milyard rubl qiymətləndirir.
23:22 26.11.2026
Oxunuş sayı: 28