NATO Arktikada nüvə silahının tətbiqi üzrə hərbi təlimlər keçirir
NATO Arktikanı potensial hərbi əməliyyatlar teatrlarından biri kimi nəzərdən keçirir və regionun sərt iqlim şəraitində, o cümlədən nüvə silahından istifadə imkanlarını nəzərdə tutan hərbi ssenariləri məşq edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin təsdiqlədiyi Arktika zonasının inkişafı və milli təhlükəsizliyin təmin edilməsi strategiyasında qeyd olunub.
Sənəddə bildirilir ki, NATO Arktikanı mümkün hərbi əməliyyatlar məkanı hesab edir və alyansın silahlı qüvvələrinin bu regionun şəraitində fəaliyyət imkanlarını sınaqdan keçirir. Buraya nüvə silahından istifadə ssenariləri də daxildir.
2035-ci ilədək, perspektivdə isə 2050-ci ilədək nəzərdə tutulan strategiyada Rusiyanın Arktikadakı hərbi infrastrukturunun inkişafı, qoşun qruplaşmasının gücləndirilməsi, eləcə də hava, suüstü və sualtı vəziyyətə nəzarət sistemlərinin təkmilləşdirilməsi planlaşdırılır.
Qeyd olunur ki, NATO ölkələri mart ayında Norveç, Finlandiya və İsveçin şimalında “Cold Response” hərbi təlimlərini keçirib. Manevrlərdə alyansın 14 üzv ölkəsindən təxminən 25 min hərbçi iştirak edib. Təlimlər zamanı quru, dəniz və hava qüvvələrinin Arktikanın sərt iqlim şəraitində birgə fəaliyyəti məşq olunub.
Bundan başqa, sentyabr ayında Böyük Britaniya, ABŞ və Norveç Arktikadakı Yan-Mayen adasında birgə “Atlantic City” təlimləri keçiriblər. Manevrlərə hərbi-dəniz və hərbi-hava qüvvələri, dəniz piyadaları və xüsusi təyinatlılar cəlb olunub.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl də Arktikada NATO-nun hərbi fəallığının artdığını bəyan etmişdi.
23:17 26.11.2026
Oxunuş sayı: 26