Omeqa-3 və aspirin diş əti xəstəliklərinin müalicəsində antibiotiklərlə rəqabət aparıb
Yeni klinik araşdırma omeqa-3 yağ turşuları və aşağı dozalı aspirinin ağır diş əti xəstəliyinin müalicəsində antibiotiklərə bənzər nəticələr verə biləcəyini ortaya qoyub.
Crossmedia.az xəbər verir ki, bu barədə “ScienceDaily” nəşri məlumat yayıb.
Tədqiqat Braziliya və ABŞ-dan olan alimlərin iştirakı ilə aparılıb. Araşdırmada irəliləmiş periodontit diaqnozu qoyulmuş 109 pasiyent 12 ay ərzində müşahidə edilib.
İştirakçılar müxtəlif müalicə qruplarına bölünüb. Bir qrupa antibiotiklər, digərinə isə omeqa-3 və aşağı dozalı aspirin verilib. Bütün iştirakçılar eyni zamanda standart stomatoloji müalicə – diş əti altındakı bakterial çöküntülərin təmizlənməsi prosedurundan keçiblər.
Nəticələrə görə, antibiotik qəbul edən qrupda müalicənin əsas klinik hədəfinə çatanların göstəricisi təxminən 58 faiz, omeqa-3 və aspirin qəbul edən qrupda isə 57,7 faiz olub.
Tədqiqatın diqqətçəkən nəticələrindən biri də müsbət təsirin preparatların qəbulu dayandırıldıqdan altı ay sonra da müşahidə edilməsidir.
Alimlər hesab edirlər ki, bu yanaşma müəyyən pasiyentlərdə antibiotiklərə ehtiyacı azalda bilər. Bununla belə, tədqiqatçılar nəticələrin geniş klinik tətbiq üçün kifayət etmədiyini vurğulayırlar.
Qeyd edək ki, aspirin qanaxma riskini artıra bilər. Buna görə də araşdırmanın nəticələri əsasında özbaşına dərman və ya əlavə qəbulunu dəyişmək tövsiyə edilmir
02:03 27.11.2026
Oxunuş sayı: 61