Səki kiçik, sərnişinin dərdi isə böyük: AYNA alternativ tapmaqda acizdir?
Ötən gün Bakıda avtobus dayanacaqlarının mövcud vəziyyəti ilə bağlı problemlər barədə məqalə dərc etmişdik. Belə ki, paytaxtın bir sıra ərazilərində sərnişinlər yağışdan, küləkdən və soyuqdan qorunmaq üçün lazımi şəraiti olmayan dayanacaqlarda avtobus gözləməli olurlar. Bəzi məntəqələrdə yalnız dayanacaq nişanının olması sərnişinlərin narazılığına səbəb olur. Qarşıdan gələn qış mövsümü fonunda bu vəziyyət ictimai nəqliyyatdan istifadə edənlər üçün əlavə çətinlik yaradır.
Məsələ ilə bağlı Crossmedia.az-ın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə
(AYNA) ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, avtobus dayanacaq
pavilyonları AZS 954-2024 dövlət standartına əsasən quraşdırılır.
Qurumun açıqlamasında qeyd olunub ki, pavilyonların quraşdırılması zamanı
səkinin vəziyyəti və əhalinin gediş-gəlişi nəzərə alınır. Bu meyarlara uyğun
olaraq bəzi məntəqələrdə dayanacaq pavilyonları quraşdırılır, digərlərində isə
yalnız dayanacaq nişanları yerləşdirilir. AYNA-nın məlumatına görə, səkinin eni
minimum 3 metrdən az olmadıqda həmin ərazidə pavilyonun quraşdırılmasına icazə
verilir.
Lakin qurumun bu izahı bir sıra suallar doğurur. Belə çıxır ki, səkinin eni
müəyyən edilmiş ölçüdən azdırsa, sərnişinlər avtobus gözləyərkən yağışdan,
küləkdən və soyuqdan qorunmaq imkanından məhrum olmalıdırlar? Şəhər
infrastrukturunun mövcud vəziyyəti sərnişinlərin rahatlığına maneə yaratdığı
halda, bu problemin həlli üçün alternativ yanaşmalar niyə nəzərdən keçirilmir?
AYNA-nın cavabında diqqət çəkən digər məqam isə sorğumuzda ünvanladığımız
iki mühüm sualın cavabsız qalmasıdır. Belə ki, qurumdan mövcud dayanacaq
pavilyonlarının bağlı və qapalı dayanacaqlarla əvəzlənməsinin mümkün
olub-olmadığını, eləcə də paytaxtda qapalı dayanacaqların sayının
artırılmasının nəzərdə tutulub-tutulmadığını soruşmuşduq. Lakin qurum verilən bu vacib sualları cavabsız qoyub.
Halbuki sərnişinlər üçün əsas problemlərdən biri məhz əlverişsiz hava
şəraitində qorunmaq imkanının olmamasıdır. Mövcud açıq konstruksiyaların qapalı
dayanacaqlarla əvəzlənməsi və yeni qapalı pavilyonların quraşdırılması bu problemin
həllinə töhfə verə bilər. Bəs AYNA bu istiqamətdə hansı planları həyata
keçirməyi düşünür? Yoxsa səkinin eni ilə bağlı mövcud tələblər qapalı
dayanacaqların sayının artırılmasına da mane olur?
Qurumun bu suallara aydınlıq gətirməməsi isə problemin həlli ilə bağlı
planların nə dərəcədə konkret olduğu barədə əlavə suallar yaradır.
Dayanacaq pavilyonunun quraşdırılması üçün səkinin eni ilə bağlı tələblərin
olması anlaşılandır. Piyadaların hərəkətinə maneə yaradılmaması, əlil arabası
istifadəçilərinin və digər hərəkət iştirakçılarının rahatlığının qorunması
vacibdir. Ancaq bu tələblər sərnişinlərin minimum gözləmə şəraitindən məhrum
edilməsinə əsas verməməlidir. Əgər konkret ərazidə standart pavilyonun
quraşdırılması mümkün deyilsə, həmin məntəqə üçün daha yığcam konstruksiyalar
və ya digər alternativ həllər niyə tətbiq olunmasın?
Digər tərəfdən, AYNA-nın cavabında əhalinin gediş-gəlişinin də nəzərə
alındığı bildirilir. Ancaq sərnişin sıxlığının yüksək olduğu ərazilərdə yalnız
dayanacaq nişanının quraşdırılması bu ehtiyacı nə dərəcədə qarşılayır?
İnsanların sayının çox olduğu, avtobusların gecikdiyi və gözləmə müddətinin
uzandığı məntəqələrdə pavilyonun olmaması problemi daha da dərinləşdirir.
Məsələnin başqa bir tərəfi də odur ki, dayanacaq pavilyonlarının
quraşdırılmasına dair standartın mövcudluğu özlüyündə problemin həlli demək
deyil. Əsas məsələ həmin standartların şəhərin real ehtiyacları ilə
uzlaşdırılması, müxtəlif ərazilərin xüsusiyyətlərinə uyğun həllərin tapılmasıdır.
Sərnişinlərin rahatlığı yalnız səkinin ölçüsü ilə müəyyən edilməməli,
dayanacaqdan istifadə edən insanların sayı, hava şəraiti və gözləmə müddəti də
qiymətləndirilməlidir.
Nəticə etibarilə, ictimai nəqliyyatın inkişafından danışarkən avtobusların
hərəkət qrafiki və marşrut şəbəkəsi ilə yanaşı, sərnişinlərin gözləmə şəraiti
də diqqətdə saxlanılmalıdır. Standartlara uyğunluq vacibdir, lakin
standartların tətbiqi vətəndaşların gündəlik ehtiyaclarını arxa plana
keçirməməlidir. AYNA-nın qarşısında duran əsas vəzifələrdən biri də pavilyon
quraşdırılması mümkün olmayan ərazilərdə sərnişinlər üçün alternativ və əlçatan
həllər tapmaq olmalıdır.
Məhəbbət Tərlanoğlu
10:30 27.11.2026
Oxunuş sayı: 162