Azərbaycanda yeni sığorta modeli tətbiq oluna bilər
Azərbaycanda parametrik sığortanın (parametrik sığortada ödənişlər faktiki dəymiş zərərin fiziki qiymətləndirilməsinə görə deyil, əvvəlcədən razılaşdırılmış obyektiv göstəricilərə (parametrlərə) əsasən həyata keçirilir - red.) tətbiqi üzərində işlər aparılır.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Dayanıqlı Maliyyə şöbəsinin iqtisadçısı Əli Əhmədzadə bildirib.
Onun sözlərinə görə, dayanıqlı sığorta sahəsində parametrik sığorta təcrübəsi mövcuddur: "Bu model inkişaf etmiş ölkələrdə bir neçə ildir ki, tətbiq olunur. Məsələn, ərazilərdə Əşyaların İnterneti (IoT) texnologiyasına əsaslanan cihazlar yerləşdirilir. Həmin cihazlar havanın rütubəti, torpağın quruluq səviyyəsi, günəş radiasiyası və digər göstəricilər barədə məlumatları avtomatik ötürür. Əvvəlcədən müəyyən edilir ki, əgər əraziyə kifayət qədər yağıntı düşməzsə, sığorta şirkəti, məsələn, 15-ci gündə fermerə müəyyən məbləğdə ödəniş edəcək. Beləliklə, sığorta ödənişinin həyata keçirilməsi üçün aylarla davam edən araşdırmalara, dəymiş zərərin həcminin hesablanmasına və qiymətləndirilməsinə ehtiyac qalmır. Bu, təsərrüfat sahibləri üçün daha çevik və faydalı sığorta mexanizmidir. Ümid edirik, gələcəkdə bu cür sığorta modelləri Azərbaycanda da tətbiq olunacaq".
Bundan başqa, Ə.Əhmədzadə qeyd edib ki, bank müştəriyə daha dayanıqlı alternativlər təklif etməlidir ki, iqlim və keçid risklərini mümkün qədər azaltsın, eyni zamanda borcalanın ödəmə qabiliyyəti qorunsun: "Əslində, bu yanaşma borcalanın da müəyyən mənada sığortalanmasına xidmət edir. Bank özü birbaşa sığorta xidməti təklif etmir. 2023–2026-cı illər üzrə Yol xəritəsində əsasən bank sektoruna fokuslanmışıq, çünki maliyyə sektorunun əsas hissəsini banklar təşkil edir. Bununla belə sığorta da bu prosesdə mühüm rol oynayır".(Report)
11:12 27.11.2026
Oxunuş sayı: 52