Netanyahu İranla müharibə zamanı gizli şəkildə BƏƏ-yə səfər edib
İsrailin baş naziri Benyamin Netanyahu İranla müharibə dövründə gizli şəkildə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, Netanyahu BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan ilə görüş keçirib. Görüşün martın 26-da Əl-Əyn şəhərində baş tutduğu və bir neçə saat davam etdiyi bildirilir.
Elə həmin gün SEPAH -ın Hərbi Dəniz Qüvvələrinin komandanının öldürüldüyü qeyd olunur.
Məlumata əsasən, münaqişə dövründə İsrail İranın mümkün hücumlarından müdafiə məqsədilə BƏƏ-yə “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemləri göndərib. Həmçinin bildirilir ki, “Mossad” rəhbəri David Barnea və İsrailin daxili təhlükəsizlik xidməti “Şin Bet”in rəhbəri David Zini də BƏƏ-yə səfər edib.
İranın xarici işlər naziri Abbas Əraqçı isə sosial şəbəkədə paylaşım edərək Netanyahu ilə BƏƏ rəhbərliyi arasında baş tutduğu iddia edilən gizli görüşü “bağışlanmaz addım” adlandırıb.
Bununla yanaşı, BƏƏ Xarici İşlər Nazirliyi Netanyahu və İsrail təhlükəsizlik rəsmilərinin ölkəyə səfəri ilə bağlı məlumatları təkzib edib.
10:54 14.05.2026
Oxunuş sayı: 58