Hizbullahı tam sıradan çıxarmaq çətin olacaq - Mütəllim Rəhimli
“Hizbullah” liderinin “nə qədər vaxt keçsə də, itkilər olsa da təslim olmayacağıq” mesajı təşkilatın uzunmüddətli müqavimət strategiyasından geri çəkilmək niyyətində olmadığını göstərir.
Lakin istənilən silahlı və siyasi təşkilat kimi, Hizbullahın da davamlı şəkildə mübarizə aparmaq imkanları həm hərbi itkilərdən, həm maliyyə resurslarından, həm də regional və beynəlxalq dəstək balansından asılıdır.
Hizbullah mövcud təzyiqlər və artan itkilər fonunda nə vaxta qədər davam gətirə biləcək? Təşkilatın bölgədəki təsir imkanları zəifləyir, yoxsa hələ də ciddi güc mərkəzi olaraq qalır?
Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli Crossmedia.az-a açıqlama verib:

“Bütün sülhsevər qüvvələrin çağırışlarına baxmayaraq, Yaxın Şərqdə müharibə bitmək bilmir. Çünki bu regionda konfliktin davam etməsində geosiyasi maraqlar toqquşur.
İsrailin öz ərazisini qonşu ölkələrin hesabına genişləndirmək niyyəti isə problemi daha da mürəkkəbləşdirir. Ərəb ölkələrinin birləşə bilməməsi və hərbi gücünün birbaşa olaraq ortaya qoyulmaması müxtəlif müqavimət qruplarının meydana çıxmasına səbəb olur.
Bu qruplar ya xalqın etirazından təbii olaraq yaranır, yaxud da regionda maraqlı qüvvələrin dəstəyi nəticəsində formalaşır. Hizbullah da bunlardan biridir. Hizbullah xalqın İsrailin işğalına qarşı ərəblərin könüllü istəyi və İranın dəstəyi ilə müqavimət hərəkatı kimi yaranıb.
Ancaq hazırda bir sıra ölkələr onu terrorçu qruplaşma kimi tanıyır. Həm də Hizbullah İranın proksi qüvvəsi kimi missiyanı yerinə yetirir. Onun İranla bağlılığı və əlaqələri kəsilsə də haqsızlığa qarşı insanların etirazları Hizbullahı tezliklə sıradan çıxmağa qoymayacaq.
Ona görə də, itkilərin çoxluğu və sərt təqiblər bu cür qruplaşmaları məhv edə bilmir. Çünki insanları ədalətsizliyə qarşı susmağa məcbur etmək mümkün deyil. Bu gün həmin adamlar Hizbullah adı altında sabah isə başqa bir ad altında mübarizə apara bilərlər”.
Ayhan
15:15 13.05.2026
Oxunuş sayı: 54