Pakistan və Əfqanıstan İran böhranında hədəfə çevrilə bilərmi?
“CBS News”un yaydığı məlumata görə, İranın bəzi hərbi təyyarələrini Pakistan və Əfqanıstan ərazisinə köçürə biləcəyi iddia olunur.
Bu məlumat regionda yeni təhlükəsizlik riskləri və mümkün geosiyasi nəticələrlə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Ekspertlər hesab edirlər ki, əgər hər hansı ölkə İranın hərbi texnikasının yerləşdirilməsi və ya gizlədilməsi üçün istifadə olunarsa, bu, həmin dövlətləri də potensial risk zonasına çevirə bilər.
Xüsusilə, ABŞ və İsrailin İranla bağlı hərbi strategiyası fonunda Pakistan və Əfqanıstanın mümkün hədəfə çevrilməsi ehtimalı diqqət çəkən məsələlərdən biridir.
Digər tərəfdən, Pakistanın nüvə dövləti olması və regionda mühüm hərbi gücə sahib olması, həmçinin Əfqanıstandakı mürəkkəb siyasi vəziyyət bu məsələnin həssaslığını daha da artırır.
Bəs doğrudanmı İranın hərbi texnikasının bu ölkələrə köçürülməsi mümkündür? Belə bir addım Pakistan və Əfqanıstanı birbaşa təhlükə altına sala bilərmi?
Mövzu ilə bağlı politoloq Elşad Həsənov Crossmedia.az-a açıqlama verib:

“İran təyyarələrinin Pakistanda, Əfqanıstanda və ya başqa bir ölkədə saxlanılması, ora köçürülməsi inandırıcı görünmür. Çünki dünya praktikasında belə hallara demək olar ki, rast gəlinmir. Əgər həmin ölkələr İranın tam müttəfiqi olsaydı, o zaman onların ərazilərində İranın müxtəlif hərbi təyyarələrinin və silah-sursatlarının yerləşdirilməsi mümkün ola bilərdi.
Ancaq İranla Əfqanıstan arasında belə bir strateji razılaşma yoxdur. Hətta müəyyən dövrlərdə tərəflər bir-birinə qarşı çox sərt ritorikadan istifadə ediblər.
Elə məqamlar olub ki, Taliban hökuməti ilə İran arasında vəziyyət ciddi gərginləşib. Sonradan isə danışıqlar yolu ilə münasibətləri müəyyən qədər qaydaya salıblar.
Buna görə də, İranın Əfqanıstanda raket və ya hərbi texnika saxlaması inandırıcı görünmür. Pakistan məsələsinə gəldikdə isə, Pakistan dünyanın nüvə silahına malik ölkələrindən biridir və müsəlman ölkələri arasında yeganə nüvə dövlətidir.
Pakistanın kifayət qədər güclü ordusu və təhlükəsizlik sistemi var. Hesab etmirəm ki, onlar İranın raketlərini, təyyarələrini və ya pilotsuz uçuş aparatlarını öz ərazilərində gizlətməyə razı olsunlar”.
Ekspert əlavə edib ki, bu gün İranın hərbi imkanlarının böyük hissəsi hələ də qalmaqdadır:
“Baxmayaraq ki, ABŞ prezidenti Donald Tramp bəyan edir ki, İranın hərbi aviasiyası və dəniz qüvvələri məhv edilib, Amerikanın öz kəşfiyyat məlumatlarında da qeyd olunur ki, İran raket arsenalının böyük hissəsi — təxminən 70 faizi — hələ də qorunub saxlanılır.
İran bu müharibəyə illərlə hazırlaşıb. Hətta zaman-zaman mediada da göstərilir ki, onların dağların altında yerləşən hərbi bazaları mövcuddur.
ABŞ və İsrail həmin bazaların müəyyən hissəsini aşkarlayıb zərərsizləşdirə bilsə də, görünən odur ki, İranın hələ də kifayət qədər ehtiyatı və gizli imkanları qalır.
Bu gün İran açıq şəkildə bildirir ki, ABŞ və İsraillə mübarizə aparmağa qadirdir və “sionist rejim” adlandırdığı İsrailə qarşı sərt mövqe nümayiş etdirir.
Son müharibə zamanı da İran öz hərbi imkanlarını nümayiş etdirməyə çalışdı. İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminə raket zərbələri endirildi və müəyyən obyektlər vuruldu.
Eyni zamanda, illərdir Körfəz ölkələrinin təhlükəsizliyində əsas rol oynayan ABŞ-nin bölgədəki bəzi hərbi bazaları da İran tərəfindən hədəfə alındı. Bu hadisələr İranın özünü regionda güclü dövlət kimi təqdim etməsinə səbəb olur.
İran rəhbərliyi də məhz buna əsaslanaraq ritorikasında ABŞ kimi supergüc qarşısında geri çəkilmədiyini vurğulayır.Hesab edirəm ki, İranın Əfqanıstan və Pakistanla bu səviyyədə gizli hərbi əməkdaşlıq etməsi barədə iddialar o qədər də inandırıcı görünmür”.
Ayhan
10:18 13.05.2026
Oxunuş sayı: 55