Danimarkada Heydər Əliyevin 103 illiyi qeyd olunub
Danimarka Azərbaycan Evində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbirdə Danimarkada yaşayan soydaşlarımızla yanaşı, yerli ictimaiyyətin nümayəndələri iştirak edib.
Çıxış edənlər müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi istiqamətindəki xidmətlərindən danışıblar. Xalqın məhəbbətini qazanan Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarının yaddaşında əbədi yaşayacağını söyləyiblər.
Tədbirin ən yadda qalan məqamlarından biri isə Danimarkada yaşayan azyaşlı soydaşlarımızın çıxışları olub. Uzaq diyarda böyüyən uşaqlar Vətənə, Azərbaycana və Ulu Öndər Heydər Əliyevə olan dərin sevgilərini şeirlərlə ifadə ediblər. Onların ifaları böyük maraq və rəğbətlə qarşılanıb, tədbirə xüsusi rəng qatıb.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə dünyanın müxtəlif ölkələrindəki Azərbaycan Evlərində, diaspor təşkilatlarında soydaşlarımızın iştirakı ilə silsilə tədbirlər keçirilir.
13:21 14.05.2026
Oxunuş sayı: 47