Böyük Qayıdış prosesinə ictimai nəzarətin təmin olunması müzakirə edilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.
Müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsinə dəstək verilməsi, Böyük Qayıdış prosesində ictimai nəzarətin və iştirakçılığın təmin edilməsi, vətəndaşların müraciətlərinin cavablandırılması və digər məsələlər iclasda ətraflı müzakirə olunub.
Müzakirəyə çıxarılan məsələlərlə bağlı İctimai Şuranın sədri Anar Xəlilovun məlumatı dinlənilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbir Planına əsasən, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrində daimi məskunlaşdırılması uğurla həyata keçirilir. Şura üzvləri Böyük Qayıdışla bağlı tədbirlərdə fəal iştirak edir, bu prosesin təşkilinin bütün mərhələlərində ictimai rəyi öyrənir, öz ata-baba yurduna geri dönən vətəndaşlarla görüşlər keçirirlər. İctimai Şuranın üzvlərinə müraciətlərin operativ qaydada həll edilməsi üçün Dövlət Komitəsinin struktur bölmələrinin rəhbərləri ilə interaktiv əlaqə mövcuddur.
Bu cür əməkdaşlıq təkcə Böyük Qayıdışla deyil, ümumilikdə məcburi köçkünlərlə bağlı bütün məsələlərin diqqətdə saxlanılmasına və vaxtında həll edilməsində əhəmiyyətli rol oynayır.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev İctimai Şuranın üzvləri ilə görüşərək, onlarla səmərəli əməkdaşlığın qurumun öz işini daha da təkmilləşdirməsi, qarşıya qoyulan vəzifələri ictimai iştirakçılıq şəraitində, şəffaf şəkildə yerinə yetirməsi üçün vacib olduğunu qeyd edib.
Daha sonra Dövlət Komitəsinin struktur bölmələrinin nümayəndələri ilə İctimai Şura üzvləri arasında fikir mübadiləsi aparılıb.
10:35 14.05.2026
Oxunuş sayı: 49