Yay necə keçəcək? - ekoloqdan iqlim proqnozu
Qlobal iqlim problemlərinin dərinləşməsi son illərdə fəsillərin ənənəvi xarakterini də müəyyən dərəcədə dəyişib və bu səbəbdən artıq yaz, yay, payız və qış bir-birindən əvvəlki qədər sabit və proqnozlaşdırılan xüsusiyyətlərlə seçilmir.
Bu fonda qarşıdan gələn yayın necə keçəcəyi ilə bağlı suallar da daha çox aktuallaşır: isti dalğalar mı üstünlük təşkil edəcək, yoxsa nisbətən sərin və dəyişkən hava şəraiti müşahidə olunacaq?
Əslində, hava şəraitinin formalaşması birbaşa atmosfer sirkulyasiyası, okean cərəyanları, günəş aktivliyi və ən əsası qlobal istiləşmə kimi geniş miqyaslı iqlim prosesləri ilə tənzimlənir. Regional olaraq isə coğrafi mövqe, relyef və hava kütlələrinin hərəkəti də mühüm rol oynayır. Buna görə də hər bir yay mövsümünü dəqiq şəkildə əvvəlcədən proqnozlaşdırmaq mümkün olmasa da, ümumi iqlim tendensiyaları bizə müəyyən istiqamət göstərir.
Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Crossmedia.az-a açıqlama verib:

“Təbii ki, qlobal iqlim dəyişikliklərinin baş verdiyini kimsə inkar edə bilməz. Təəssüf ki, uzun illər dünyanın aparıcı dövlətləri və gücləri bunu qəbul etmirdi, amma artıq bu iqlim dəyişikliyi fakt kimi təsdiqlənib.
Amma qlobal iqlim dəyişiklikləri fonunda fəsillərin itməsi və ya yerini dəyişməsi ilə bağlı fikirlərlə tam razı deyiləm. Hesab edirəm ki, müəyyən siklik proseslər mövcuddur və biz on il, on beş il, xüsusilə on il intervallarla müəyyən dəyişiklikləri müşahidə edirik. Yəni on il əvvəl belə bir hava olubsa, on il sonra yenidən oxşar vəziyyətlər ola bilir. Belə hallar təkrarlanır.
Bəzən iki il dalbadal və ya müəyyən illərdə yaz və ya bahar mövsümü daha soyuq keçir, hətta may ayında qar yağması da müşahidə olunur. Bu isə bizim yerləşdiyimiz iqlim qurşağı ilə bağlıdır.
Biz subtropik və mülayim subtropik iqlim qurşağında yerləşirik və bu ərazilərdə bəzən qar yağması da mümkündür. Bu, arktik hava kütlələrinin güclü şəkildə daxil olması nəticəsində baş verə bilər. Məncə, bu cür halları birbaşa iqlim dəyişikliyi ilə izah etmək düzgün deyil”.
Ekspert qeyd edib ki, bununla belə, iqlim dəyişikliklərinin təsirini də heç kim inkar edə bilməz:
“Qarşıdan gələn yayla bağlı proqnoz vermək isə bir qədər çətindir. Mən hesab edirəm ki, yayımız çox da ekstremal isti olmayacaq. Əlbəttə, istərdim ki, iyun və iyul ayları isti keçsin, insanlar dənizdən faydalansın, günəşdən D vitamini alsınlar, həmçinin dənizdən yod qəbul etsinlər.
Bu həm sağlamlıq, həm də iqtisadi baxımdan faydalı olar — çimərliklərə axın artar, dənizkənarı kafe və restoranlar daha çox gəlir əldə edər, iqtisadiyyatımıza da töhfə verilər. Amma bu, bizim istəyimizlə olmur.
Hazırkı hava dinamikası onu göstərir ki, yayımız ümumilikdə normal və əlverişli keçəcək. Bakı xüsusən küləklər şəhəridir, ilin təxminən 260 günü burada külək əsir. Bu da isti havanı yumşaldan təbii amildir.
Küləksiz günlərdə Bakı çox isti ola bilər, amma ümumilikdə təbii sərinləşdirici faktor mövcuddur. Aran rayonlarımız isə bu iqlimə alışıqdır, Naxçıvan isə kontinental iqlimə malik olduğu üçün orada hər yay isti keçir və bu, təbii bir haldır.
Mən düşünmürəm ki, iqlim dəyişiklikləri fonunda bu il yayda qeyri-adi hadisələr — məsələn, qar yağması və ya gözlənilməz ekstremal vəziyyətlər baş versin. Ümumilikdə yay mövsümünün normal və isti keçəcəyini demək olar”.
Ayhan
12:45 14.05.2026
Oxunuş sayı: 66