NATO-da çatlar böyüyür - ABŞ-dən müttəfiqlərə sərt mesaj
ABŞ Dövlət katibi Marko Rubionun NATO ilə bağlı açıqlamaları alyans daxilində mövcud fikir ayrılıqlarını yenidən gündəmə gətirib.
ABŞ bəzi müttəfiqlərin hərbi bazalardan istifadə imkanlarını məhdudlaşdırmasını NATO-nun effektivliyinə dair sual kimi qiymətləndirir və alyans daxilində daha ədalətli öhdəlik bölgüsü tələb edir.
ABŞ-nin bu yanaşması əsasən təhlükəsizlik yükünün böyük hissəsinin Vaşinqton tərəfindən daşınması və bəzi ölkələrin kifayət qədər əməkdaşlıq etməməsi ilə əlaqələndirilir.
Buna baxmayaraq, NATO-nun mövcudluğu tam sual altında deyil, çünki Rusiya-Ukrayna müharibəsi fonunda alyans hələ də Qərbin əsas təhlükəsizlik sütunu olaraq qalır.
Mövzu ilə bağlı politoloq Vaqif Hüseyn Crossmedia.az-a açıqlama verib:

“ABŞ dövlət katibinin bu fikirləri səsləndirməsinin əsas səbəbi daha çox Donald Trampın mövqeyi ilə bağlıdır. Tramp bir çox hallarda şəxsi yanaşmasını dövlət mövqeyindən ayrı şəkildə ifadə edir.
NATO-nu yaradan ABŞ olub və bu alyansın yaradılmasının əsas məqsədi də məlumdur - ikiqütblü dünya sistemində Sovet İttifaqına qarşı hərbi blokun formalaşdırılması idi.
Lakin SSRİ-nin dağılmasından sonra Qərb dövlətləri qarşısında duran təhdidlərin azalıb-azalmadığı sual doğurur. Əksinə, bu təhdidlərin daha da artdığı görünür. Rusiyanın Ukraynaya müdaxiləsi göstərdi ki, hətta SSRİ dövründə belə Şərqi Avropa ölkələrinə bu miqyasda bir müdaxilə baş verməmişdi. Bu isə NATO-nun mövcudluğunun hələ də aktuallığını qoruduğunu göstərir.
Hətta bəzi qiymətləndirmələrə görə, NATO-nun olmaması Qərb dövlətlərini daha böyük təhlükələrlə üz-üzə qoya bilər. Üstəlik, Çin amili də artıq qlobal güc balansında mühüm rol oynamağa başlayıb. Hindistanın da güclənməsi fonunda Qərb ölkələri belə bir hərbi-siyasi ittifaqın zəifləməsini və ya dağılmasını məqbul hesab edə bilməzlər”.
Politoloq əlavə edib ki, ABŞ-nin bəzi yanaşmalarına görə isə NATO daha çox Vaşinqtonun iradəsinə uyğun hərəkət edən bir təşkilat kimi qəbul olunur.
Xüsusilə, Hörmüz boğazı və İran kimi məsələlərdə ABŞ-nin hər hansı hərbi addımı zamanı digər müttəfiq ölkələrin də bu mövqeyə uyğun davranması gözlənilir. Trampın yanaşması isə daha çox biznes məntiqinə əsaslanır.
O, bir çox beynəlxalq məsələlərə biznesmen düşüncəsi ilə yanaşır və əvvəlki administrasiyalar da müəyyən dərəcədə bu xətti davam etdirib. Lakin NATO daxilində hər kəs bu mövqeni bölüşmür. Xüsusilə, bəzi senatorlar və siyasi dairələr daha ənənəvi və institusional yanaşmanı müdafiə edirlər.
Ümumilikdə isə NATO-nun mövcudluğunun zəifləməsi ABŞ-nin qlobal təhlükəsizlikdəki təsir imkanlarının da əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər”.
Ayhan
12:25 14.05.2026
Oxunuş sayı: 44