Bayraq sancıldı: Ermənistan rus sərhədçilərini geri çəkir
Ermənistan hakimiyyəti Türkiyə ilə sərhəddə yerləşən Axurik məntəqəsində rus sərhədçilərinin çıxarılması istiqamətində addımlar atır.
Crossmedia.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Bildirilir ki, Axurik zastavasında yerləşən birbaşa buraxılış məntəqəsinin təhvil verilməsi ilə bağlı qərar artıq qəbul edilib. Ərazidə bayraq dirəyi quraşdırılıb, lakin rus sərhədçiləri hələlik zastavanın özündə xidmətlərini davam etdirəcəklər.
Məlumata görə, hazırda Türkiyə istiqamətində dəmir yolu xəttinin texniki vəziyyəti qiymətləndirilir. Eyni zamanda, Türkiyə tərəfi Marqara buraxılış məntəqəsi ərazisində tikinti işlərinə başlayıb.
Qeyd olunur ki, Ankaranın bu istiqamətdə aktivliyi və İrəvanın Axurik ərazisində atdığı hazırlıq addımları Ermənistan–Türkiyə sərhədinin yaxın perspektivdə açılması niyyətinin ciddi olduğunu göstərir.
Nihat Tahirov
11:46 13.01.2026
Oxunuş sayı: 1148