Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərlik rejiminin müddətinin yenidən uzadılması planlaşdırılır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar layihəsi ölkə rəhbərliyi tərəfindən Ali Radaya təqdim edilib.
Rəsmi açıqlamalara görə, bu addım Rusiyanın Ukraynaya qarşı davam edən hərbi təcavüzü və ölkənin təhlükəsizlik vəziyyəti ilə əsaslandırılır. Hakimiyyət orqanları bildirir ki, mövcud şəraitdə müdafiə qabiliyyətinin qorunması və ordu sıralarının gücləndirilməsi üçün hərbi vəziyyətin qüvvədə qalması zəruridir.
Hərbi vəziyyət rejimi çərçivəsində bir sıra məhdudiyyətlər tətbiq olunur. Bunlara səfərbərlik tədbirləri, hərbi xidmətə çağırış, ölkədən çıxış qaydalarına nəzarət, eləcə də strateji əhəmiyyətli obyektlərin mühafizəsinin gücləndirilməsi daxildir. Səfərbərlik müddətinin uzadılması isə Silahlı Qüvvələrin canlı qüvvə ilə təminatının davam etdirilməsinə yönəlib.
Qeyd edək ki, Ukraynada hərbi vəziyyət ilk dəfə 2022-ci ilin fevralında tətbiq olunub və bundan sonra bir neçə dəfə uzadılıb. Son qərarın da parlament tərəfindən təsdiqlənəcəyi gözlənilir.
Mütəxəssislər hesab edirlər ki, hərbi vəziyyətin və səfərbərliyin uzadılması ölkədə daxili-siyasi və sosial proseslərə təsir göstərsə də, rəsmi Kiyev bunu milli təhlükəsizlik baxımından qaçılmaz addım kimi dəyərləndirir.
Kübra Musayeva