İranda etiraz aksiyaları ilə bağlı gərginlik davam edir.
Crossmedia.az xəbər verir ki, İran mənbələrinin və sosial şəbəkələrdə yayılan məlumatların bildirdiyinə görə, etirazçılara atəş açılması əmrlərini verməkdə ittiham olunan SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) zabiti Məhdi Rəhimi silahlı hücum nəticəsində öldürülüb.
Məlumata əsasən, sosial mediada və müxalif dairələrdə “cəllad” ləqəbi ilə tanınan Məhdi Rəhimi etirazçılara qarşı sərt mövqeyi və zorakılıq göstərişləri ilə yadda qalıb. Bildirilir ki, o, naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib. Hadisənin hansı şəhərdə baş verdiyi və hücumun detalları ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib.

İran hakimiyyəti məsələ ilə bağlı susqunluq nümayiş etdirir, SEPAH və ya hüquq-mühafizə orqanları tərəfindən rəsmi təsdiq və ya təkzib yayılmayıb. Buna baxmayaraq, hadisə ölkə daxilində və xaricdə etirazçı fəallar arasında geniş rezonans doğurub.
Qeyd edək ki, son aylarda İranda etiraz aksiyalarının yatırılması zamanı təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi, atəş açılması və insan tələfatı ilə bağlı çoxsaylı iddialar səsləndirilir. Məhdi Rəhiminin ölümü isə ölkədə gərginliyin daha da artacağı ehtimallarını gücləndirir.
Kübra Musayeva