Müharibə bitdi, indi sülhə doğru addımlar atmalıyıq - AÇIQLAMA
Cənubi Qafqazda dayanıqlı sülhün qurulması istiqamətində addımlar atıldıqca, həm region dövlətlərinin rəsmi nümayəndələrinin, həm də vətəndaş cəmiyyəti institutlarının bu prosesdə daha fəal iştirakı məsələsi gündəmə gəlir. Bu xüsusda, Azərbaycan və Ermənistan arasında aparılan danışıqların yalnız siyasi müstəvidə deyil, ictimai səviyyədə də dəstəklənməsi ehtiyacına diqqət artır. Sözügedən kontektsdə Azərbaycanda fəaliyyət göstərən QHT-lərin Ermənistana səfərinin reallaşması məsələsi müzakirə predmetinə çevrilib.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib ki, 44 günlük müharibədə Azərbaycanın qəti qələbəsindən və 2023-cü ilin 19 sentyabr antiterror əməliyyatından sonra Cənubi Qafqazda reallıqlar dəyişib: “Ermənistan silahlı qüvvələri 30 il işğal altında saxladığı Azərbaycan ərazilərini tərk edib, Qarabağda Azərbaycanın suveren hüquqları bərpa edilib. Ermənistanın hazırkı rəhbərliyi Azərbaycanla imzaladığı sənədlərdə qarşısına öhdəliklər götürüb. Bu öhdəliklərdən biri Zəngəzur dəhlizinin açılması, Naxçıvanın Azərbaycanın digər əraziləri ilə quru əlaqələrinin bərpasına şəraitin yaradılmasıdır. Avqustda Vaşintqonda imzalanan son razılaşmada da bu məsələnin həlli ilə bağlı xoş niyyətlər ifadə edilib.
Bundan başqa Azərbaycan 1988-ci ildə Ermənistandan qovulmuş soydaşlarımızın öz ata-baba yurdlarına dönməsini tələb edir. Azərbaycan 35 illik münaqişənin qalib tərəfidir. Ermənistan reallıqları dərk etməli və öhdəliklərə əməl etməlidir. Görünən odur ki, Nikol Paşinyan iqtidarı reallıqları dərk edir. Lakin erməni cəmiyyətində hələ də revanşist qüvvələr var. Doğrudur onlar cəmiyyətdə azlıqdadır, lakin hər an hər şey dəyişə bilər. Buna görə də erməni vətəndaş cəmiyyəti institutlarının üzərinə böyük məsuliyyət düşür. Onlar erməni toplumunu sülhə hazırlamalıdır. Çünki ictimai təşkilatlar birbaşa cəmiyyətlə təmasdadır və real təsir gücünə malikdir”.
E.Cəfərli qeyd edib ki, Azərbaycan QHT nümayəndələrinin Ermənistana səfəri də bununla bağlıdır: “Azərbaycan, obrazlı desək “işğalçıya qapazı vurub, indi sığal zamanıdır”. Fikrimcə, yumşaq güclə erməni cəmiyyətini sülhə sala bilərik. Mən ekoloji maarifləndirmə ilə məşğulam. Ermənilər 30 il Qarabağ torpaqlarında ekoloji terror həyata keçiriblər. Meşələrimiz, filiz mədənlərimiz talanıb, əkinə yararlı torpaq sahələri məhv edilib, su resurslarımız çirkləndirilib.
Transsərhəd çaylarımızın bir qismi Ermənistandan axır. O çaylar bu gün də Emrənistanın dağ-mədən sənayesinin ağır tullantıları ilə çirkləndirilir. Dəfələrlə bununla bağlı Ermənistan rəhbərliyinə müraciət olunub ki, ərazidə monitorinq aparmağımıza icazə verilsin. Ekoloji problem sərhəd tanımır. Məsələn: Araz, Arpaçay hövzəsinin kimyəvi tullantılarla çirkləndirilməsi bütövlükdə Cənubi Qafqazın ekosisteminə zərbə vurur, bölgəni yaşanmaz hala gətirir”.
Ekspert sonda bildirib ki, Ermənistan işğal dönəmində Qarabağda təqribən 1 milyon 500 mindən çox mina basdırıb: “Onlar bu gün də Qarabağa böyük qayıdışa mane olur. Mən bir ekoloq kimi bölgədə, bütövlükdə Cənubi Qafqazda bir daha müharibənin olmasını istəmirəm. Çünki təbiətə bəs deyincə zərbə vurmuşuq. Bu gün artıq o zərbələr dayandırılmalı, ekosistemin bərpası istiqamətində iri layihələr həyata keçirilməlidir. Bunu biz etməliyik: Azərbaycanın, Gürcüstanın, Ermənistanın rəsmi qurumları, özəl sektoru, vətəndaş cəmiyyəti.
Müharibə bitdi, indi sülhə doğru addımlar atmalıyıq. Cəmiyyətlə sülhə hazırlanması üçün vətəndaş cəmiyyəti institutları arasında təmaslar artırılmalıdır. Yaxşı olar ki, növbəti görüş Azərbaycan və Ermənistan ekoloqları arasında keçirilsin. Birlikdə bölgə ekosistemini məhvə aparan problemləri, onların həlli yollarını müzakirə edək”.
Türkanə Məşədiyeva
14:09 25.10.2025
Oxunuş sayı: 1592