Azərbaycan- İran mübasibətlərinə zərbə vurmaq istəyənlər kimlərdir?
ABŞ-nin aparıcı media qurumlarından biri olan CNN növbəti dəfə Azərbaycanla bağlı mübahisəli iddialarla gündəmə gəlib. Telekanalın yaydığı materialda Azərbaycanın guya İsrailin İrana qarşı həyata keçirdiyi hərbi və kəşfiyyat əməliyyatları üçün platforma rolunu oynadığı iddia edilir. Rəsmi Bakı isə bu məlumatları qətiyyətlə rədd edərək onları əsassız, sübutsuz və qərəzli informasiya kampaniyasının tərkib hissəsi adlandırıb.
Məqalədə anonim mənbələrə istinad olunması, Azərbaycanın rəsmi mövqeyinin isə nəzərə alınmaması ciddi suallar doğurub. Rəsmi qurumların fikrincə, bu cür iddialar təkcə ölkənin beynəlxalq imicinə zərbə vurmağa deyil, həm də regionda gərginliyin artırılmasına xidmət edir. Məhz buna görə də Bakı CNN-dən yayılan məlumatın geri götürülməsini və təkzib edilməsini tələb edib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Aqil Abbas Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Bu, konkret şəkildə Azərbaycanla İran əlaqələrinə zərbə vurmağa xidmət edir. Azərbaycan hər zaman cənab prezidentin vurğuladığı kimi qonşuluq əlaqələrinə sadiqdir və heç bir dövlət bizim ərazilərdən istifadə edə bilməz. İran özü də çox gözəl bilir ki, Azərbaycan heç zaman bu cür addım atmaz. Bir məqamı da unutmaq olmaz ki, artıq müasir dövrdə yaşayırıq və bu dövrdə hər şeyi peyklə görmək olur. Qeyd olunan hal, həqiqətən, təbii ki, İran hamıdan qabaq reaksiya verərdi".
Elmir Heydərli
15:51 06.06.2026
Oxunuş sayı: 63