Krakovda soydaşlarımız üçün seminar keçirilib
Polşanın Krakov şəhərində yerləşən Azərbaycan Evində soydaşlarımız üçün işə qəbul və karyera inkişafına həsr olunan seminar keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
“Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyası və Azərbaycan Evinin birgə təşkilatçılığı ilə keçirilən seminar müasir əmək bazarının tələbləri, iş axtarışı strategiyaları və peşəkar inkişaf imkanları mövzularına həsr olunub.
İştirakçılara CV və motivasiya məktubunun düzgün hazırlanması, iş müsahibəsində özünü effektiv təqdim etmə bacarıqları, işəgötürənlərin namizədlərdən gözləntiləri, “LinkedIn”də uğurlu profil yaratmaq və beynəlxalq şirkətlərdə iş imkanları ilə bağlı praktiki bilgilər verilib.
Seminarda, həmçinin iştirakçılar HR mütəxəssisləri ilə birbaşa ünsiyyət quraraq onların peşəkar tövsiyələrini dinləyib və şəxsi suallarına cavab alıblar. Komanda işi, liderlik bacarıqları, zamanın səmərəli idarə olunması və peşəkar şəbəkələşmə mövzularında da faydalı məsləhətlər əldə ediblər.
Gənc soydaşlarımız seminarın onların gələcək karyera inkişafına və əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarına töhfə verəcəyini bildiriblər.
14:27 06.06.2026
Oxunuş sayı: 47