Tramp Xameneyinin atasını öldürür, özü ilə görüşmək istəyir, sonra da "bu, siyasətdir" deyir
ABŞ Prezidenti Donald Tramp İranla danışıqların müsbət məcrada davam etdiyini bildirərək, İranın ali rəhbəri Müctəba Xamenei ilə gələcəkdə görüş ehtimalını istisna etməyib. Tramp hesab edir ki, birbaşa təmaslar tərəflər arasında gərginliyin azaldılmasına xidmət edə bilər.
Oxşar məzmunlu açıqlamalar əvvəllər də verilib. Amma hər səhər fərqli mənzərə görür, müxtəlof bəyanatlar eşidirik...
Politoloq Elşad Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, fevralın 28-də başlayan ABŞ-İsrail tandemi ilə İran arasında qarşıdurma 40 gün davam etdikdən sonra dayandırılıb: "Müharibədən sonra danışıqlar mərhələsi başlasa da, tərəflər hələlik yekun razılığa gələ bilməyib.

Vaşinqton-Tehran dialoqunda Pakistanın vasitəçilik rolu nəzərə çarpır. Lakin danışıqların mərkəzində duran əsas məsələ İranın nüvə proqramıdır. ABŞ-in əsas tələbi İranda uranın zənginləşdirilməsinin dayandırılması və nüvə silahı əldə olunmasının qarşısının alınmasıdır. İran isə bu şərtlə razılaşmır. Tehran hesab edir ki, atəşkəs bütövlükdə bölgəni əhatə etməlidir. Yəni İsrail Livana hücumları dayandırmalı, İrana vurulan ziyan kompensasiya olunmalıdır”.
Politoloq xatırladıb ki, Tramp son açıqlamasında İranın ali lideri Müctəba Xameneyi ilə görüşməyə hazır olduğunu bildirib.
“Müharibə bitsin, müharibəni bitirsinlər. Xameneyi ilə görüşmək mənim üçün şərəf olar”, – deyə Tramp jurnalistlərə bildirib. Jurnalistlərin “siz Xameneyinin yaxınlarını hədəf almısınız, onunla necə masa arxasına əyləşəcəksiniz?” sualına cavabında isə ABŞ lideri danışıqların vacibliyini vurğulayıb: “Bu, siyasətdir. Əgər razılaşmasalar, İran üçün daha ağır nəticələrlə bitəcək hərbi əməliyyatlarımız olacaq”. Tramp administrasiyasını danışıqlara sövq edən amillərdən biri ABŞ Konqresinin mövqeyidir. Konqres Prezidentin İrana qarşı yeni müharibə başlatmasını məhdudlaşdıran qətnamə qəbul edib. Səsvermədə təkcə demokratlar deyil, Respublikaçılar Partiyasından dörd senator da iştirak edib. Noyabrda ABŞ-də aralıq seçkilər keçiriləcək. Tramp seçki öncəsi Yaxın Şərqdə müharibəni bitirmək və sülh müqaviləsi bağlamaqla seçicilərə güclü mesaj vermək istəyir”.
Ekspertin fikrincə, danışıqlar fonunda hərbi gərginlik tam dayanmayıb: "ABŞ İranın raket infrastrukturunu hədəf alıb, cavabında Tehran Küveytdəki ABŞ hərbi bazalarına raket zərbələri endirib.
Tramp “İran nüvə silahından imtina etməyə razıdır, zənginləşdirilmiş uran ölkədən çıxarılacaq” kimi bəyanatlar versə də, İran rəsmi şəxsləri Parlamentin sədri Məhəmmədbağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçı hələ heç bir məsələdə yekun razılığın olmadığını açıqlayıblar".
Trampın “İranın 158 hərbi gəmisini və bütün hərbi aviasiyasını məhv etmişik” iddialarını şərh edən Elşad Həsənov bu rəqəmlərin real vəziyyəti əks etdirmədiyini, daha çox daxili auditoriyaya ünvanlanmış ritorika olduğunu bildirib: "Yaxın perspektivdə ABŞ ilə İran arasında hərtərəfli sülh müqaviləsinin imzalanması ehtimalı aşağıdır. İran müharibədə “qələbə qazandığını” və öz şərtlərinin qəbul olunmasını tələb edir. Digər tərəfdən, İsrail də hazırda Tehranın tələbləri əsasında sülh sazişinin bağlanmasının əleyhinədir. Yenə də həm Vaşinqton, həm də Tehran danışıq kanalını açıq saxlayır. Tərəflər addım-addım irəliləyir. Amma hazırda ortaq məxrəcə gəlmək üçün çox ciddi güzəştlər lazımdır”.
Nigar Xəlilli
12:40 06.06.2026
Oxunuş sayı: 53