Naxçıvan dəmiryolunun bərpası böyük imkanlar vəd edir - Detallar açıqlandı
Avropa İttifaqının (Aİ)Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkovun brifinqdə Naxçıvan dəmir yolunun bərpasını əsas investisiya layihələrindən biri kimi dəyərləndirməsi regionda nəqliyyat və logistika imkanları ətrafında müzakirələri yenidən gündəmə gətirib. Uzun illərdən sonra bu xəttin yenidən fəaliyyətə başlaması təkcə Azərbaycanın nəqliyyat imkanlarını genişləndirməklə kifayətlənməyəcək, eyni zamanda regionda yeni iqtisadi əməkdaşlıq və tranzit marşrutlarının formalaşmasına da təsir göstərə bilər. Bəs açılması planlaşdırılan dəmir yolu həqiqətənmi iri investisiya və strateji layihəyə çevrilə bilər? Bu marşrutdan hansı dövlətlər daha səmərəli istifadə etmək imkanı əldə edəcək və onun regional iqtisadiyyata real təsiri nə olacaq?
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Crossmedia.az-a açıqlama verib:
“İnvestisiya proqramı, təbii ki, bu layihənin vacib elementlərindən biridir. Nəzərə alsaq ki, söhbət gedən dəmir yolu əsas ana xətt olan Bakı–İrəvan–Naxçıvan–Ordubad–Culfa dəmiryolu xəttinin tərkib hissəsidir və vaxtilə Naxçıvan şəhərinə qədər hərəkəti təmin edirdi. Sonradan məlum hadisələr nəticəsində həmin proses dayandırıldı. Lakin Zəngəzur dəhlizi və Zəngəzur yolu istismara verildikdən sonra bu marşrutun əhəmiyyəti və perspektivi daha da artacaq. Bu baxımdan Naxçıvan dəmir yolları da həmin perspektivin əsas elementlərindən birinə çevriləcək. Bu isə öz növbəsində Naxçıvanın nəqliyyat sisteminin inkişafına ciddi təkan verəcək və regionun logistika imkanlarının genişlənməsində əsas amillərdən biri olacaq”.

Ekspert əlavə edib ki, bu gün Azərbaycan ərazisində Naxçıvan istiqamətində müxtəlif logistika layihələrinin hazırlanması və onların perspektivlərinin qiymətləndirilməsi gələcək baxımdan olduqca mühüm strateji istiqamət hesab oluna bilər:
"Çünki həm bu yolun, həm də digər nəqliyyat marşrutlarının gələcək potensialı kifayət qədər yüksəkdir və ənənəvi nəqliyyat proseslərinin transformasiyasına söykənir. Bundan əlavə, Avropa–İngiltərə istiqamətli layihələr çərçivəsində, eləcə də TRIPP marşrutunun perspektivini nəzərə alsaq, gələcəkdə burada böyük imkanların formalaşacağı gözlənilir”.
Ayhan
14:03 06.06.2026
Oxunuş sayı: 60