Rəsmi Bakının prinsipial mövqeyi: İranla münasibətlərdə dönüş nöqtəsi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi arasında baş tutan telefon danışığı iki ölkə arasında münasibətlərin cari vəziyyəti ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Son illərdə Bakı və Tehran arasında müəyyən gərginlik mərhələlərinin yaşanmasına baxmayaraq, son dövrdə qarşılıqlı təmasların intensivləşməsi və diplomatik dialoqun davam etdirilməsi münasibətlərin yeni mərhələyə keçməsi ilə bağlı qiymətləndirmələri gündəmə gətirir.
Məlum olduğu kimi, Azərbaycan və İran arasında münasibətlər müxtəlif dövrlərdə regional proseslər, təhlükəsizlik məsələləri, siyasi bəyanatlar və qarşılıqlı gözləntilər fonunda mürəkkəb mərhələlərdən keçib. Bununla belə, son aylarda yüksək səviyyəli təmaslar və diplomatik əlaqələrin aktivləşməsi tərəflərin münasibətləri daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan məcrada inkişaf etdirmək niyyətində olduğunu göstərir.
Bəs hazırda Azərbaycan–İran münasibətləri hansı mərhələdədir? Tərəflər arasında etimadın bərpası prosesi hansı istiqamətdə gedir və dövlətlərarası əməkdaşlığın gələcək gündəmində hansı məsələlər ön plana çıxa bilər?
Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bu barədə Crossmedia.az-a açıqlama verib:

“Azərbaycanın xarici siyasəti hər zaman qonşularla normal münasibət qurmağa yönəlib. Baxmayaraq ki, dövlətlərin siyasətlərində ciddi ideoloji və siyasi fərqlər, fikir ayrılıqları var. Nazirlər arasındakı bu telefon danışığı onu göstərir ki, Azərbaycan İranla normal münasibətlər qurmaqda maraqlıdır və bu istiqamətdə zəruri addımlar atır. Bu, çox mühüm amildir. Azərbaycan dövlətini qorumaq üçün bu, çox prinsipial və ciddi mövqedir”.
Ayhan
12:09 06.06.2026
Oxunuş sayı: 61