Sibiqa: Rusiya diplomatik həllə razılaşacaq
Ukraynanın xarici işlər naziri Andrii Sibiqa bəyan edib ki, Rusiya gec-tez münaqişənin diplomatik həllinə razılaşmalı olacaq, lakin həmin vaxt şərtlər Moskva üçün daha əlverişsiz olacaq.
Crossmedia.az xəbər verir ki, Sibiqa Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Volodimir Zelenskinin birbaşa sülh danışıqları təklifini rədd etməklə mühüm fürsəti əldən verdiyini bildirib.
Nazirin sözlərinə görə, Rusiyanın döyüş meydanındakı itkiləri artmaqda davam edəcək, iqtisadi vəziyyəti daha da pisləşəcək və beynəlxalq təzyiqlər güclənəcək.
Sibiqa həmçinin qeyd edib ki, Ukraynanın uzaqmənzilli zərbələri davam edəcək və beynəlxalq ictimaiyyət tərəfindən Rusiyaya qarşı tətbiq olunan təzyiq tədbirləri, o cümlədən dondurulmuş aktivlərdən istifadə və digər məhdudiyyətlər genişlənə bilər.
Ukraynalı nazir hesab edir ki, Moskva hərbi yolla məqsədlərinə nail ola bilməyəcək və nəticədə diplomatik həll yolunu qəbul etmək məcburiyyətində qalacaq.
Zeynəb Həsən
17:10 06.06.2026
Oxunuş sayı: 42