Azərbaycanda rəqəmsal dövlət yaradılır - ARAŞDIRMA
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumunda bildirib ki, Azərbaycanda rəqəmsal dövlətin formalaşması ilə bağlı ardıcıl siyasət ortaya qoyulub.
O qeyd edib ki, bu gün vahid platformada Azərbaycan dövlətinin maraqlarına, konstitusional tələblərə müvafiq olan rəqəmsal dövlətin formalaşması vəzifəsi qarşıda durur: "Burada əlbəttə ki, hər bir dövlət qurumunun özünün qarşısında konkret spesifik vəzifələr var və mənim də müşahidəmə görə, çox yüksək səviyyədə bu işlər həyata keçirilir. Bu proseslər tək inzibati və maliyyə resursları ilə həll olunan məsələ deyil. Burada akademik dəstək lazımdır, həm daxildən, həm xaricdən elmi potensial cəlb olunmalıdır".
"Müşahidələrə görə, bu gün elmin qarşıda duran iki məsələ var. Ölkəmizdə milli kiber təhlükəsizlik ekosisteminin və infrastrukturunun formalaşmasının bir obyekti, bir də subyekti var. Milli kiber təhlükəsizlik ekosisteminin qarşısında duran vəzifə rəqəmsal dövlətin bir obyekt kimi güvənli, təhlükəsiz, dayanıqlı, etibarlı olması, bəşəri dəyərlərə hörmət edilməklə rəqəmsal dövlətin formalaşmasıdır. Burada ayrı-ayrı problemlər var. Bura şəbəkə, kommunikasiya, data ekosistemi, süni intellekt texnologiyalarının tətbiq olunması, hansı formada tətbiq olunması, ayrı-ayrı süni intellekt agentlərinin necə sosiallaşacağı, kollektiv süni intellektin necə yaradılacağı daxildir. Digər tərəfi subyektdir ki, kiber təhlükəsizlik ekosistemində olacaq. Yəni, onun özünün arxitekturasından, qarşısında duran vəzifələrdən söhbət gedir".
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı dövlət idarəçiliyində rəqəmsal transformasiyanın əhəmiyyətini daha da artırmışdır. Azərbaycan da bu istiqamətdə ardıcıl siyasət həyata keçirərək rəqəmsal dövlət quruculuğunu strateji prioritetlərdən biri kimi müəyyənləşdirmişdir. Dövlət xidmətlərinin elektronlaşdırılması, rəqəmsal platformaların genişləndirilməsi və innovativ texnologiyaların tətbiqi bu prosesin əsas tərkib hissələrini təşkil edir.
Rəqəmsal dövlətin formalaşdırılması təkcə texnoloji yeniliklərin tətbiqi ilə məhdudlaşmır, eyni zamanda etibarlı və dayanıqlı kibertəhlükəsizlik mühitinin yaradılmasını da tələb edir. Bu baxımdan milli kibertəhlükəsizlik ekosisteminin qurulması, məlumatların qorunması, süni intellekt texnologiyalarının təhlükəsiz inteqrasiyası və rəqəmsal infrastrukturun möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Qarşıya qoyulan məqsəd rəqəmsal dövlətin təhlükəsiz, etibarlı və vətəndaş yönümlü şəkildə inkişafını təmin etməkdir.
Bu istiqamətdə dövlət qurumları ilə yanaşı, elmi müəssisələrin və akademik dairələrin də rolu xüsusi vurğulanır. Rəqəmsal dövlətin uğurlu inkişafı üçün yerli və beynəlxalq elmi potensialın səfərbər edilməsi, innovativ həllərin hazırlanması və kiber təhlükəsizlik sahəsində yeni yanaşmaların tətbiqi vacib hesab olunur. Beləliklə, Azərbaycanda rəqəmsal dövlət quruculuğu və milli kibertəhlükəsizlik sisteminin inkişafı paralel şəkildə həyata keçirilən və bir-birini tamamlayan proseslər kimi çıxış edir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Rasim Əliquliyevin səsləndirdiyi “Azərbaycanda rəqəmsal dövlət formalaşdırılır” fikri ölkədə dövlət idarəçiliyinin müasir texnologiyalar əsasında inkişaf etdirilməsini ifadə edir. Rəqəmsal dövlət vətəndaşlara və biznes subyektlərinə xidmətlərin elektron formada, daha sürətli və səmərəli şəkildə təqdim olunmasını nəzərdə tutur.
Vətəndaşlar müxtəlif arayışları, sənədləri və dövlət xidmətlərini internet üzərindən əldə edə bilirlər. Bunun üçün dövlət qurumlarına dəfələrlə getməyə ehtiyac qalmır, vaxt və vəsaitə qənaət olunur.
Elektron sistemlər əməliyyatların qeydiyyatını və izlənilməsini asanlaşdırır. Bu isə dövlət idarəçiliyində şəffaflığın yüksəlməsinə, korrupsiya risklərinin azalmasına kömək edir".
O bildirib ki, sənədlərin elektron formada dövriyyəsi kağız istifadəsini azaldır. Həm dövlət qurumları, həm də vətəndaşlar üçün proseslər daha sürətli həyata keçirilir: "Məlumatların vahid sistemdə toplanması qərarların daha dəqiq və operativ qəbul edilməsinə şərait yaradır. Bu da idarəetmənin keyfiyyətini artırır. Uzaq bölgələrdə yaşayan insanlar da paytaxtda təqdim olunan bir çox xidmətlərdən onlayn istifadə edə bilirlər. Bu, xidmətlərə çıxışda 11 bərabərliyi təmin edir. Rəqəmsal texnologiyaların tətbiqi biznes mühitini yaxşılaşdırır, sahibkarlığın inkişafına və investisiyaların cəlb olunmasına müsbət təsir göstərir. Müasir rəqəmsal sistemlər məlumatların qorunmasını gücləndirir, dövlət qurumları arasında informasiya mübadiləsini daha etibarlı edir.
Rəqəmsal dövlətin formalaşması cəmiyyətdə texnologiyalardan istifadənin genişlənməsinə, vətəndaşların rəqəmsal bilik və bacarıqlarının artmasına şərait yaradır.
Rəqəmsal dövlətin formalaşdırılması Azərbaycanın müasir inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Bu proses dövlət xidmətlərinin keyfiyyətini artırır, vətəndaş məmnunluğunu yüksəldir, şəffaflığı təmin edir, iqtisadi inkişafı sürətləndirir və ölkənin informasiya cəmiyyətinə çevrilməsinə töhfə verir. Buna görə də rəqəmsal dövlət həm vətəndaşlar, həm biznes sektoru, həm də dövlət üçün böyük üstünlüklər yaradır".
Cross Media Təhlil Mərkəzinin analitiki, iqtisad üzrə fəlsəfə doktoru Aqil Eyvazov isə rəqəmsal dövlətin formalaşdırılmasının bu gün artıq sadəcə texnoloji yenilik olmadığını dövlət idarəçiliyinin keyfiyyətini və iqtisadi səmərəliliyini müəyyən edən əsas amillərdən birinə çevrildiyini bildirib:
"Azərbaycanda son illər elektron hökumət xidmətlərinin genişləndirilməsi, "ASAN xidmət" modelinin inkişafı, rəqəmsal ödəniş sistemlərinin yayılması və dövlət xidmətlərinin vahid platformalarda inteqrasiyası bu istiqamətdə mühüm nəticələr əldə olunduğunu göstərir.

Qarşıdakı mərhələdə əsas vəzifə ayrı-ayrı rəqəmsal həllərin tətbiqindən daha çox, vahid və təhlükəsiz rəqəmsal dövlət ekosisteminin formalaşdırılmasıdır. Bu proses təkcə texniki və ya maliyyə resursları hesabına həyata keçirilə bilməz. Burada insan kapitalı, elmi tədqiqatlar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və milli məlumat infrastrukturunun inkişafı paralel şəkildə aparılmalıdır.
İqtisadi baxımdan rəqəmsal dövlətin formalaşması idarəetmə xərclərinin azalmasına, xidmətlərin daha operativ göstərilməsinə, şəffaflığın artmasına və korrupsiya risklərinin minimuma endirilməsinə xidmət edir. Eyni zamanda rəqəmsallaşma investisiya mühitinin yaxşılaşmasına və biznes üçün daha əlverişli şəraitin yaradılmasına da müsbət təsir göstərir.
Lakin rəqəmsal transformasiya prosesinin uğuru yalnız xidmətlərin elektronlaşdırılması ilə ölçülməməlidir. Əsas məsələ vətəndaş məlumatlarının təhlükəsizliyinin təmin edilməsi, dövlət informasiya sistemlərinin dayanıqlığının artırılması və milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasıdır. Xüsusilə süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə məlumatların qorunması, rəqəmsal suverenlik və kiberhücumlara qarşı davamlılıq dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır.
Hesab edirəm ki, Azərbaycanın qarşısında duran əsas məqsəd yalnız rəqəmsal xidmətlər göstərən dövlət qurmaq deyil, eyni zamanda təhlükəsiz, dayanıqlı və vətəndaş mərkəzli rəqəmsal dövlət modelini formalaşdırmaqdır. Bu istiqamətdə elmi ictimaiyyətin, universitetlərin və tədqiqat mərkəzlərinin prosesə daha fəal cəlb olunması xüsusi əhəmiyyət daşıyır".
Təhsil üzrə ekspert Elçin Əfəndi isə rəqəmsal dövlət konsepsiyasının inkişafı nəticəsində təhsil sahəsində də mühüm nailiyyətlərin əldə olunacağının gözlənildiyini qeyd edib:
"Buna bariz nümunə kimi cari ildən etibarən diplomların elektron qaydada təqdim edilməsini və dövlət nümunəli təhsil sənədlərinin rəqəmsallaşdırılmasını göstərmək olar. Bu yeniliklər vətəndaşlar üçün əlavə vaxt itkisini, uzun gözləmə müddətlərini və bir sıra bürokratik maneələri minimuma endirəcək. Bu isə rəqəmsal dövlətin vətəndaşlara təqdim etdiyi mühüm imkanlardan biridir.

Təhsil sahəsində tətbiq olunan “Rəqəmsal Məktəb” platforması da artıq fəaliyyətə başlayıb. Platforma valideyn, müəllim və şagird arasında kommunikasiyanın daha səmərəli qurulmasına şərait yaradır. Eyni zamanda valideynlər övladlarının təhsil göstəricilərinə daha rahat şəkildə nəzarət edə, onların qiymətləndirilməsi ilə bağlı məlumatları operativ əldə edə bilirlər. Bu sistem təhsil prosesində şəffaflığın və obyektivliyin artırılmasına da xidmət edir.
Bununla yanaşı, müəllimlərin işə qəbulu, şagird qəbulu, eləcə də ali təhsil müəssisələrinə bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə qəbul prosesləri də mərkəzləşdirilmiş elektron sistemlər vasitəsilə həyata keçirilir. Bu isə həm idarəetmənin səmərəliliyini artırır, həm də vətəndaşlar üçün prosesləri daha əlçatan edir.
Ümumilikdə, təhsil sisteminin bütün pillələrində rəqəmsal imkanlardan geniş istifadə olunması təhsilin keyfiyyətinin yüksəldilməsinə, idarəetmənin təkmilləşdirilməsinə və gələcəkdə daha uğurlu nəticələrin əldə edilməsinə mühüm töhfə verəcək".
Sosioloq Əhməd Rəhmanov isə rəqəmsal dövlət modelinin həm dövlət, həm də vətəndaş üçün müəyyən üstünlüklərinin olduğunu qeyd edib:
"Dövlət xidmətlərinin daha operativ göstərilməsi, məlumatların vahid sistemdə toplanması və idarəetmənin səmərəliliyinin artırılması bu üstünlüklər sırasındadır. Bununla yanaşı, bəzi vətəndaşlar hesab edir ki, rəqəmsallaşma fərdi məlumatların qorunması və şəxsi azadlıqlarla bağlı müəyyən suallar da yarada bilər.

Xüsusilə yaşlı nəslin nümayəndələri üçün rəqəmsal xidmətlər bir sıra hallarda rahatlıq yaradır. Lakin bütün xidmətlərin tam şəkildə rəqəmsallaşdırılması müəyyən riskləri də özü ilə gətirir. Məsələn, texniki nasazlıqlar və ya sistemlərin işləməməsi vətəndaşların xidmətlərə çıxışını çətinləşdirə bilər.
Şəxsi təcrübəmdən bir nümunə göstərmək istərdim. Mən Qarabağ müharibəsi əliliyəm və yaxın zamanlarda ASAN Xidmət mərkəzinə müraciət etmişdim. Qarabağ əlili kimi növbədənkənar qəbul hüququmdan istifadə etmək istəyirdim. Lakin məndən bunun sistem üzərindən yoxlanılması tələb olundu. Həmin vaxt istifadə olunan rəqəmsal identifikasiya sistemi işləmədiyi üçün dövlət portalına daxil olmaq mümkün olmadı və nəticədə xidmətin göstərilməsində çətinlik yarandı.
Bu kimi hallar göstərir ki, rəqəmsal dövlət modeli müasir və faydalı yanaşma olsa da, bütün sistemin yalnız elektron platformalardan asılı vəziyyətə düşməsi müəyyən risklər yarada bilər. Hər hansı kiberhücum, texniki nasazlıq və ya sistem qəzası baş verdikdə dövlət xidmətlərinin fəaliyyətində ciddi problemlər yarana bilər. Buna görə də rəqəmsal idarəetmə ilə yanaşı, alternativ və ənənəvi xidmət mexanizmlərinin də qorunub saxlanılması məqsədəuyğun olardı".
İKT üzrə ekspert Eyvaz Kərimov isə bu gün biznes mühitində rəqəmsallaşmanın artıq seçim deyil, zərurət olduğunu qeyd edib:
"Şirkətlər və dövlət qurumları fəaliyyətlərini daha sürətli, daha təhlükəsiz və daha effektiv idarə etmək üçün müasir texnologiyalara investisiya yatırmalıdırlar.
Təcrübə göstərir ki, rəqəmsal transformasiya yalnız proqram təminatının quraşdırılması və ya avadanlığın yenilənməsi ilə məhdudlaşmır. Əsas məsələ proseslərin optimallaşdırılması, məlumatların düzgün idarə olunması və insan resurslarının bu dəyişikliklərə uyğunlaşdırılmasıdır.
Azərbaycanda son illər rəqəmsal həllərə maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə kibertəhlükəsizlik, bulud texnologiyaları, ehtiyat nüsxələmə sistemləri və biznes proseslərinin avtomatlaşdırılması istiqamətində ciddi irəliləyiş müşahidə olunur. Bununla yanaşı, şirkətlərin bir qismində hələ də informasiya təhlükəsizliyi və rəqəmsal davamlılıq məsələlərinə kifayət qədər diqqət ayrılmır.
Müasir dövrdə məlumat ən dəyərli aktivlərdən biridir. Bu səbəbdən təşkilatlar yalnız texnologiyalara deyil, həm də təhlükəsizlik siyasətlərinə, əməkdaşların maarifləndirilməsinə və davamlı inkişaf strategiyalarına önəm verməlidirlər".
O, bildirib ki, gələcəkdə süni intellekt, avtomatlaşdırma və məlumat analitikası bizneslərin və dövlət qurumlarının fəaliyyətində daha böyük rol oynayacaq: "Bu texnologiyaları vaxtında tətbiq edən təşkilatlar rəqabət üstünlüyü əldə edəcək, gecikənlər isə bazarın tələblərinə uyğunlaşmaqda çətinlik çəkəcəklər.
Hesab edirəm ki, ölkəmizdə rəqəmsal transformasiya prosesinin uğurlu davam etməsi üçün dövlət, özəl sektor və təhsil müəssisələri arasında əməkdaşlığın daha da gücləndirilməsi vacibdir. Yalnız bu halda dayanıqlı və innovativ rəqəmsal ekosistem formalaşdırmaq mümkün olacaq".
Elmir Heydərli
13:05 06.06.2026
Oxunuş sayı: 78