Azərbaycan 8 ayda 265 min tondan çox azot gübrəsi ixrac edib
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 265 min 69,94 ton azot gübrəsi ixrac edilib.
Crossmedia.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu ilin 7 ayında ixrac olunan azot gübrəsinin dəyəri 105 milyon 114,81 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 1,4 dəfə, həcmi isə 8,4 % azalıb.
Azərbaycan məhsullarının ixracında azot gübrəsinin payı 0,48 % təşkil edir. Bu ilin 7 ayının ölkənin qeyri-neft sektoru üzrə ixracında payı isə 1,67 % təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 33 milyard 238 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 815 milyon ABŞ dolları ixracın, 11 milyard 423 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27,8 % artıb, idxal isə 24,1 % azalıb.
Karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.
17:19 15.09.2026
Oxunuş sayı: 44