Azər Turan - Müşfiqin günahı Hüseyn Cavidlə dostluq etməsi idi
Repressiya qurbanı Mikayıl Müşfiqlə bağlı araşdırmamız davam edir. Mikayıl Müşfiqin ölümü ilə bağlı səsləndirilən hədsiz versiya məsələni bulanıqlaşdırsa da, bu sahədə sözünü demiş alimlərin, Müşfiqin yaxın qohumlarının bizə açıqlamaları faktları dəqiqləşdirməyə və auditoriyaya düzgün informasiya verməyə şərait yaradır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ədəbiyyatşünas, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan qeyd edib ki, 1937-ci il oktyabrın 31-də Sumbatovun imzaladığı iddianamə Müşfiqin üzünə ölüm yollarını açdı: “Sumbatovun iddianaməsindən iki gün sonra həyat yoldaşı Dilbəri də həbs etdilər. Dilbəri ilk istintaqda Avanesyan dindirdi. 2 aydan sonra Moskvadan Nikitçenko gəldi, şairi mühakimə etdi və yanvarın 5-də 20 dəqiqə davam edən məhkəmənin hökmü ilə Müşfiq güllələndi. Evlənəndə Müşfiqin 25, Dilbərin 18 yaşı vardı. 29 yaşlı əri güllələnəndən sonra 23 yaşlı Dilbər dəli oldu. Sonra ruhi problemlərinə görə onu azad edib psixiatriya xəstəxanasına yerləşdirdilər”.
A.turan qeyd edib ki, Mikayıl Müşfiqin günahlarından biri də təbii ki, Hüseyn Cavidlə dostluq etməsiydi: “Aralarında 26 il yaş fərqi olsa da, dost idilər. Turan Cavid mənə demişdi ki, "Müşfiq Cavidi hədsiz istəyirdi. Müşfiq üçün göydə Allah, yerdə Cavid vardı. Evimizə də ən çox Müşfiq gəlib-gedərdi. Cavidin olduğu məclislərdə onun şeirlərini yalnız Müşfiq oxuyardı...". Dünyada Cavidlə Müşfiqin dostluqları, o dostluqların maraqlı xatirələri qaldı. Məsələn, Mişkinaz Cavidin yazdığı kimi: Bir dəfə pinəçidə ayaqqabısını yamatdıran Müşfiq Cavidgilə gəlir. Sevinirmiş. "Bax, Cavid əfəndi, ayaqqabımı yamatmışam". Cavid isə qısa cavab verir: "Adın yamaqlı olmasın...".
Ayhan
15:15 15.09.2026
Oxunuş sayı: 45