Netanyahunun ABŞ səfəri Qəzza üçün yeni təhlükə yaradır
İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ-yə səfərləri Yaxın Şərqdə baş verən proseslər fonunda hər dəfə xüsusi diqqət doğurur. Bunun əsas səbəbi İsrail və ABŞ arasında uzun illərdir formalaşmış strateji müttəfiqlik və Vaşinqtonun İsrailə siyasi və hərbi dəstəyidir. ABŞ İsrailin beynəlxalq müstəvidə ən mühüm tərəfdaşlarından biri olmaqla yanaşı, Yaxın Şərq siyasətində də əsas aktorlardan hesab olunur. Buna görə də Netanyahunun Vaşinqtonla təmasları yalnız iki ölkə arasındakı münasibətlər baxımından deyil, regiondakı münaqişələrin gələcək istiqaməti baxımından da əhəmiyyət daşıyır. Xüsusilə Qəzzada davam edən humanitar böhran və İsrail-Fələstin qarşıdurmasının yaratdığı ağır nəticələr fonunda İsrail rəhbərliyinin ABŞ-də keçirdiyi görüşlərin mümkün təsirləri müzakirə olunur. Digər tərəfdən, ABŞ-də siyasi proseslərin intensivləşməsi İsrail üçün Vaşinqtondakı siyasi mühitin gələcək istiqamətini izləməyi də vacib edir. Netanyahu üçün həm Respublikaçılar, həm də Demokratlar daxilində İsrailə münasibətin hansı istiqamətdə dəyişə biləcəyini qiymətləndirmək mühüm siyasi məsələdir. Bununla yanaşı, İsrailin Türkiyə ilə münasibətlərində yaşanan gərginlik və Ankaranın Yaxın Şərq siyasətindəki rolu da Vaşinqton-Təl-Əviv gündəliyində diqqət çəkə biləcək məsələlər sırasındadır. Belə bir şəraitdə Netanyahunun ABŞ səfərinin konkret siyasi nəticələrindən daha çox, İsrailin növbəti addımlarına təsir edə biləcək siyasi mesajlar baxımından əhəmiyyət daşıdığı bildirilir.
Mövzu ilə bağlı politoloq Vaqif Hüseyn Crossmedia.az-a açıqlamasında bildirib ki, Netanyahunun ABŞ-yə səfərinin Qəzza və ümumilikdə Yaxın Şərq üçün ciddi nəticələri ola bilər:
“Bu səfər Netanyahunun ABŞ-yə ilk səfəri deyil, bəlkə də 20-ci səfəridir. Yaxın Şərqdə hansısa bir böhran baş verərsə, bunun ağır nəticələri Fələstindəki o günahsız insanların, xüsusən də Qəzza sakinlərinin başına gəlir. Hər dəfə də belə olur. Netanyahunun hər səfəri Qəzza və onun ətrafı üçün daha böyük münasibətsizliklər, hətta fəlakətlər vəd edir. Lakin məsələ yalnız bunlarla bitmir. Təbii ki, İsrail-ABŞ münasibətlərindən danışarkən qeyd etməliyik ki, ABŞ yarandığı gündən İsraili qoruyur və bu gün də bu dəstək davam edir. Səfərin nəticələrinə gəlincə, açıq söyləmək gərəkirsə, burada böyük bir gözlənti olmamalıdır. Amerikada seçkilər yaxınlaşır. Netanyahu seçki öncəsi ümumi konyunkturanı və ABŞ-dəki siyasi mühitin İsrailin maraqlarına necə təsir edəcəyini birinci əldən izləmək istəyir. Əgər o, Nyu-Yorka səfər edəcəksə, çox güman ki, bu görüşlər yalnız hakim dairələrlə, yəni respublikaçılarla məhdudlaşmayacaq".

Politoloq qeyd edib ki, İsrail üçün fərq etmir: istər Demokratlar, istərsə də Respublikaçılar Partiyası olsun, hər ikisi İsraili birmənalı olaraq dəstəkləyir: "Lakin Demokratlar Partiyasının bu məsələdə mövqeyi bir qədər fərqli ola bilər. Netanyahu həmin dairələrin də yanaşmasını öyrənmək və bundan sonra atacağı addımları müəyyənləşdirmək niyyətindədir. Digər tərəfdən, İsrail ABŞ-nin dünyadakı ən yaxın müttəfiqi sayılır. Yaxın Şərq üzrə nəticələrdən danışarkən bir məqamı da qeyd etmək lazımdır: hazırda İsrail-Türkiyə münasibətləri o qədər də yüksək səviyyədə deyil. Bu səfərdə Türkiyə məsələsinin müzakirə olunub-olunmayacağını dəqiq bilmirik. Ancaq hər bir halda, Netanyahunun ABŞ-yə hər hansı bir səfəri Yaxın Şərq, xüsusilə də Qəzza bölgəsi üçün tam fərqli və ciddi nəticələrə səbəb olur”.
Zeynəb Həsən
17:30 15.09.2026
Oxunuş sayı: 48