“Bakı Gəmiqayırma Zavodu”nda çex texnologiyaları müzakirə olunub
"Bakı Gəmiqayırma Zavodu" MMC-də Çexiya texnologiyalarının və avadanlıqlarının tətbiqi imkanları müzakirə edilib.
Crossmedia.az xəbər verir ki,bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, Bakıda zavodun rəhbərliyi ilə Çexiya şirkətlərinin nümayəndələri arasında işgüzar görüş olub. Görüşdə TOS VARNSDORF, "Wikov Group", ŽĎAS, LANEX, "ACO Marine" və "ANAJ Czech" daxil olmaqla Çexiyanın aparıcı sənaye şirkətləri iştirak ediblər.
Çexiya biznesinin nümayəndələri təqdimatlar keçirərək, azərbaycanlı tərəfdaşlarını öz müəssisələrinin əsas səriştələri, innovativ həlləri və istehsal imkanları ilə tanış ediblər.
"Tərəflər gəmiqayırma, gəmi təmiri və müasir dəniz infrastrukturunun inkişafı kimi strateji sektorlarda qarşılıqlı fəaliyyət perspektivlərini ətraflı nəzərdən keçiriblər. Xüsusi vurğu Çexiya avadanlıqlarının Bakı tərsanəsinin texnoloji proseslərinə potensial inteqrasiyasına edilib", - zavod qeyd edib.
Görüşün yekunlarına əsasən, iştirakçılar əlaqələrin genişləndirilməsində və uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraqlı olduqlarını təsdiqləyiblər.
18:05 15.09.2026
Oxunuş sayı: 44