Minlərlə ucuz ev satışa çıxarılacaq - Şad xəbər
Bakının daşınmaz əmlak bazarında son dövrlərdə ziddiyyətli mənzərə yaranıb. Bəzi ərazilərdə mənzil və fərdi yaşayış evlərinin qiymətləri yüksəlsə də, bazarda alıcı aktivliyi əvvəlki illərlə müqayisədə zəifləyib. Bu vəziyyət qiymətlərin artması ilə satışların azalmasının eyni vaxtda müşahidə olunmasına səbəb olur. Əmlak bazarında durğunluğun əsas səbəblərindən biri alıcılıq qabiliyyətinin və nağd alışların azalması, kredit mexanizmlərinin isə daha geniş yayılmasıdır. Kreditlə alınan mənzillərin sonradan yenidən satışa çıxarılması da bazardakı təklifin sürətlə artmasına imkan vermir. Digər tərəfdən, Bakı və Abşeron ərazisində yeni tikinti layihələrinin əvvəlki tempdə aparılmaması yeni mənzil təklifinin məhdudlaşmasına və tikilməkdə olan binalardakı qiymətlərin yüksəlməsinə təsir göstərir. Bazarda təklifin azalması isə rəqabətin zəifləməsi ilə nəticələnərək qiymətlərin aşağı düşməsinin qarşısını alır. Bununla yanaşı, paytaxtda sökülməsi və yenidən tikilməsi mümkün olan çoxsaylı köhnə yaşayış binalarının mövcudluğu yeni tikinti layihələri üçün böyük potensial yaradır. Digər mühüm məsələ isə Bakı və Abşeronda çıxarışsız fərdi yaşayış evlərinin sayının çox olmasıdır. Bu evlərin hüquqi statusunun rəsmiləşdirilməsi əmlak bazarına daha çox və nisbətən ucuz mənzillərin daxil olmasına, nəticədə rəqabətin artmasına və qiymətlərin stabilləşməsinə səbəb ola bilər. Beləliklə, bazarda qiymətlərin taleyini yalnız alıcı tələbi deyil, həm də yeni və rəsmiləşdirilmiş əmlakların bazara çıxarılma tempi müəyyənləşdirəcək.
Mövzu ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev Crossmedia.az-a açıqlamasında bildirib: “Uzun müddətdir ki, paytaxtın daşınmaz əmlak bazarında ciddi qeyri-müəyyənlik formalaşıb. Bəzi ərazilərdə satış qiymətləri artsa da, bəzilərində sabit qalıb. Bunun əsas səbəbi paytaxtın əmlak bazarının uzun müddətdir ki, ciddi müştəri qıtlığı ilə üzləşməsidir. Əvvəlki illərdə nağd alışların sayı həddindən artıq çox idisə, son illər satılan əmlakların böyük bir qismi müxtəlif kredit şərtləri ilə satılan obyektlərdir. Kreditlə alınan əmlakların yenidən bazara çıxarılması üçün kredit borcunun bağlanması tələb olunur. Əmlakların böyük hissəsi ipoteka və digər kredit şərtləri ilə satıldığından, onların təkrar satışa çıxarılması uzun illər tələb edir. Hazırda bazarda baş verən durğunluğun və qiymət artımının bir çox səbəbləri var. Əsas səbəblərdən biri paytaxt ərazisində əvvəlki qədər tikinti işlərinin aparılmamasıdır".

Ekspert vurğulayıb ki, paytaxtda sökülmə ehtimalı olan çoxlu köhnə, çoxmənzilli yaşayış binaları var ki, bunları özəl tikinti şirkətləri sökərək yerində yeni binalar inşa edirlər:
"Bu proses paytaxtın müxtəlif ərazilərində davam edərsə, əmlak bazarında ciddi rəqabət yarana bilər. Nəticədə süni şəkildə artan qiymətlərin qarşısı alınar, qiymətlərdə stabilləşmə, hətta enmələr müşahidə oluna bilər. Bakı və Abşeron ərazisində aparılan tikinti işlərinin azlığı tikilməkdə olan binalardakı mənzillərin kəskin bahalaşmasına gətirib çıxarıb. Digər tərəfdən, hazır tam təmirli mənzillərin satış qiymətləri tikilməkdə olan binalardakı mənzillərin qiymətindən daha ucuzdur. Qiymətlərin stabilləşməsi üçün əmlak bazarına xeyli sayda yeni əmlak daxil olmalıdır; bu, rəqabət yaradaraq qiymətlərin enməsinə gətirib çıxaracaq. Təkcə Bakı və Abşeron ərazisində yüz minlərlə çıxarışsız fərdi yaşayış evi var. Həmin evlər çıxarışla (kupça) təmin olunarsa, əmlak bazarına təkrarən minlərlə ucuz əmlak daxil olar. Bu da aztəminatlı ailələrin müxtəlif kredit şərtləri ilə mənzil əldə etməsinə şərait yaradar. Mənzil təklifinin sayı artdıqca, rəqabət mühiti süni qiymət artımının qarşısını alacaq və qiymətlərin düşməsinə səbəb olacaqdır”.
Zeynəb Həsən
18:00 15.09.2026
Oxunuş sayı: 48