Dövlət hərəkətə keçdi: Rəqəmsal sahədəki dağınıqlıq aradan qaldırılır
Rəqəmsallaşmanın sürətlə genişləndiyi müasir dövrdə kibertəhlükəsizlik artıq təkcə texnologiya mütəxəssislərinin deyil, dövlətlərin, biznes qurumlarının və vətəndaşların da əsas prioritetlərindən birinə çevrilib. İnformasiya sistemlərinə yönələn hücumların sayının artması, şəxsi məlumatların qorunması ilə bağlı risklərin çoxalması və kritik infrastrukturun kiber təhdidlərə məruz qalması bu sahədə daha sistemli və çevik idarəetmə mexanizmlərinin formalaşdırılmasını zəruri edir.
Məhz bu reallıqlar fonunda dövlətlər rəqəmsal təhlükəsizlik imkanlarını gücləndirmək, milli informasiya məkanını qorumaq və kiber risklərə qarşı dayanıqlılığı artırmaq istiqamətində yeni institusional addımlar atırlar. Azərbaycanda da bu sahədə həyata keçirilən islahatlar ölkənin rəqəmsal transformasiya strategiyasının mühüm tərkib hissəsi olmaqla yanaşı, təhlükəsiz və etibarlı kiber mühitin formalaşdırılmasına xidmət edir.
Bu barədə İKT üzrə ekspert Elvin Abbasov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) yaradılması, rəqəmsal dünyada hər birimizin təhlükəsizliyinə birbaşa təsir edən və ölkənin kiberfəzasında oyunun qaydalarını dəyişən strateji bir struktur islahatıdır. Bank hesablarımızdan dövlət xidmətlərinə, şəxsi telefonlarımızdan sosial şəbəkələrə qədər demək olar ki, bütün fəaliyyətlərin onlayn mühitə daşınması, kibertəhlükəsizliyi sırf texniki bir İT sahəsi olmaqdan çıxarıb gündəlik təhlükəsizlik ehtiyacına çevirmişdir. Dövlətin bu addımı rəqəmsal sahədəki dağınıqlığı aradan qaldırmaq, tənzimləməni mərkəzləşdirmək, həmçinin vahid koordinasiya və nəzarət mexanizmi yaratmaq zərurətindən irəli gəlir.
İdarəetmə və fəaliyyət mexanizmi baxımından Agentlik baş vermiş kiberhücumların sadəcə fəsadlarının ardınca qaçmaqla (reaktiv) kifayətlənməyib, potensial riskləri əvvəlcədən təsbit edən preventiv (qabaqlayıcı) tədbirlərə fokuslanacaq. Qurumun publik hüquqi şəxs statusu və özünümaliyyələşdirmə modeli isə ona bürokratik asılılıqdan kənar idarəetmə çevikliyi qazandırır. Bu struktur həm də ölkədəki mövcud koordinasiya boşluğunu qapatmaq missiyasını daşıyaraq, dövlət qurumları, maliyyə-bank sektoru, internet provayderləri və operatorlar arasında operativ məlumat mübadiləsini təmin edən vahid bir mərkəz (Milli CERT) qismində çıxış edəcək və subyektlərin fəaliyyətini əlaqələndirəcəkdir".
O, bildirib ki, vətəndaş müstəvisində isə qurum rəqəmsal hüquqların, fərdi məlumatların qanunsuz toplanması və işlənilməsinə qarşı nəzarəti həyata keçirməklə yanaşı, internet informasiya ehtiyatlarında yayılması qadağan olunan informasiyalara qarşı tədbirlər görəcək və əhalinin maarifləndirilməsini təmin edəcək: "Transmilli kiberhücumlarla mübarizədə xarici tərəfdaşlarla qurulacaq beynəlxalq əməkdaşlıq Azərbaycanın regional çəkisini və rəqəmsal suverenliyini gücləndirəcəkdir. Bu yeni idarəetmə arxitekturasının real nəticələri və effektivliyi isə qurulacaq daxili infrastrukturun və məlumat mübadiləsi sisteminin yaxın dövrdə nə dərəcədə çevik işləyəcəyindən birbaşa asılı olacaqdır".
Elmir Heydərli
12:33 06.06.2026
Oxunuş sayı: 92