Qazaxıstan və Azərbaycan öz regionlarının təşəbbüskar, fərqlənən aktorlarıdır - Deputat

Bu gün Azərbaycan-Qazaxıstan münasibətləri Türk dünyası daxilində strateji tərəfdaşlıq modelinin ən uğurlu nümunələrindən biri kimi dəyərləndirilir. İkitərəfli əlaqələr siyasi dialoqdan tutmuş nəqliyyat-logistika, iqtisadiyyat, enerji, humanitar sahələrə qədər geniş spektri əhatə edir və qarşılıqlı etimada, tarixi-mədəni bağlılığa əsaslanır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin də qeyd etdiyi kimi, bu əməkdaşlığın möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rolu var. Onun təşəbbüsləri sayəsində iki ölkə arasında strateji tərəfdaşlıq təkcə regional ölçüdə deyil, həm də beynəlxalq inteqrasiya müstəvisində daha dinamik inkişaf mərhələsinə qədəm qoyub.
Milli Məclisin deputatı Azər Badamov Qazaxıstan Azərbaycan münasibətləri ilə bağlı fikirlərini Crossmedia.az-la bölüşüb: “Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycan xarici siyasətində müstəsna yerə malikdir. Azərbaycanın bütün regionun siyasi və iqtisadi xəritəsini dəyişməsi ilə bu münasibətlər tamamilə yeni, fərqli və daha yaxın bir sima alıb. Mərkəzi Asiya ölkələri ilə münasibətlər kontekstində Azərbacan-Qazaxıstan münasibətləri tamamilə fərqlənir. Hər şeydən öncə qeyd olunmalıdır ki, resurs potensialına, coğrafi mövqeyinə, əhali sayına və xarici siyasətdə atılan addımlara görə Qazaxıstan və Azərbaycanın öz regionlarının daha təşəbbüskar, fərqlənən aktorlar olduğunu demək olar. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan Prezidenti İlham Əliyev siyasi arenada öz fikirləri olan liderlərdir. Bunu biz həm ikitərəfli görüşlər, həm də beynəlxalq platformalarda təmaslar zamanı görürük. Bu iki siyasət adamı həm də geniş əlaqələrə malikdir. Regional və beynəlxalq liderlər də bu amilin fərqindədirlər. Bu baxımdan Tokayevin bu dəfəki səfər çərçivəsində cənab Prezident İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına töhfəsini qeyd etməsi təsadüfi deyil. Ötən yaxın dövr ərzində aşkar olmayan, hətta xeyli abstrakt situasiyalarda məhz Azərbaycan Prezidentinin sayıq yanaşmasının nəticəsi oldu ki, Qazaxıstan-Azərbaycan münasibətlərində ləngimənin, geriləmənin şahidi olmadıq. Əksinə və hər şeyə rəğmən Qazaxıstan-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edərək, xarici təsirlərə və təzyiqlərə dayanıqlılıq nümayiş etdirdi. Buna görə də səfər çərçivəsində Tokayev xüsusilə vurğuladı ki, Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Məhz bu amil Qazaxıstan üçün Azərbaycanla çoxşaxəli əməkdaşlığın inkişafını prioritet edir”.
Deputat həmçinin bildirib ki, Azərbaycan Lideri siyasi bilikləri, əlaqələri qədər, xarakter etibarilə də güclü şəxsiyyətdir: "Məhz bu amil bir çox dövlət başçıları tərəfindən vurğulanır. Azərbaycanın orta güc kimi nüfuzunun artması qədər, Qazaxıstanla münasibətlərin inkişaf etdirilməsində də Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna əməyi var. Qürurla və təkrarlaya təkrarlaya demək, vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasətin arealı gündən-günə genişlənir”.
Ayhan
18:26 21.10.2025
Oxunuş sayı: 3775