Türk dünyasında yaşıl enerji şəbəkəsi genişlənir- Deputat

Müasir dövrdə enerji təhlükəsizliyi və ekoloji tarazlığın qorunması bütün dünya dövlətlərinin qarşısında duran əsas prioritetlərdən biridir. Azərbaycan da bu istiqamətdə mühüm addımlar ataraq, bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə qeyd etdiyi kimi, ölkəmiz Günəş, külək və su elektrik enerjisi kimi təmiz enerji mənbələrinə böyük sərmayələr cəlb edir və 2030-cu ilə qədər enerji istehsalının təxminən 40 faizinin bərpaolunan mənbələr hesabına təmin edilməsi planlaşdırılır. Bununla yanaşı, Azərbaycan Orta Asiya, Türkiyə və Avropa arasında “yaşıl enerji dəhlizi”nin yaradılması istiqamətində də fəal şəkildə çalışır. Bu proses ölkəmizin dayanıqlı inkişaf siyasətinin və regionda enerji əməkdaşlığının vacib tərkib hissəsidir.
Mövzu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycan da daxil olmaqla, türk dövlətlərinin bərpaolunan enerji potensialı kifayət qədər yüksəkdir:
“Azərbaycan artıq Avropaya öz yaşıl enerjisini ixrac etməyi planlaşdırır. Bununla bağlı Avropa İttifaqı, Azərbaycan və Gürcüstan arasında xüsusi anlaşma da imzalanıb. Həmçinin Azərbaycan son illər regionda bərpa olunan enerjiyə ən çox investisiya cəlb edən ölkədir. Ümumilikdə bu sektora 1 milyard dollardan artıq sərmayə yönəldilib".
V.Bayramovun sözlərinə görə, TDT-yə üzv ölkələr arasında yaşıl enerji sahəsində əməkdaşlığın daha da güclənəcəyi gözlənilir:
“Bu, həm üzv ölkələrdə enerji potensialından daha səmərəli və geniş istifadə edilməsinə, həm də yeni innovativ məhsul ixracatının reallaşmasına şərait yaradacaq".
Mehriban Yariyeva
22:55 08.10.2025
Oxunuş sayı: 1476